Həbsdə olan iş adamı Arzu Kazımov və Elşad Abdullayev arasında pul mübahisəsinin detalları açıqlanıb

Həbsdə olan iş adamı Arzu Kazımov və Elşad Abdullayev arasında pul mübahisəsinin detalları açıqlanıb
# 15 aprel 2013 11:14 (UTC +04:00)

Vəkil Ramiz Zeynalov APA-ya açıqlamasında bildirib ki, A. Kazımov E. Abdullayevdən pulları itkin düşmüş Mahir Abdullayevin tapılması üçün deyil, kommersiya məqsədi ilə alıb: “Bizim əlimizdə dediklərimizi sübut edəcək bütün rəsmi sənədlər var və Arzu Kazımov bu barədə istintaqa detallı şəkildə ifadə verib. Müdafiə etdiyim şəxs Elşad Abdullayevdən pulları müqavilə əsasında alıb. Birinci müqavilə 2003-cü ilin dekabrında bir ay müddətinə imzalanıb. Həmin müqaviləyə əsasən, Arzu Kazımov inşa etdiyi binadan Elşad Abdullayevin dayısının adına 500 min dollara mənzil satıb. İkinci müqavilə isə Arzu Kazımovun təsisçisi olduğu şirkətlə Elşad Abdullayevə məxsus şirkət arasında imzalanıb. Bu müqavilə 1 il 6 ay müddətinə bağlanıb. Müqaviləyə əsasən, Elşad Abdullayev 30 faiz sələminə Arzu Kazımova bir milyon dollar pul verib. Həmin müqavilə üzrə Arzu Kazımov öhdəlik götürüb ki, inşa etdiyi binadan Elşad Abdullayevə 1 və 2 otaqlı 50 mənzil verəcək, mənzilləri verə bilməsə, mənzilləri sataraq 10 gün müddətinə pulu qaytaracaq”.

R. Zeynalov qeyd edib ki, bu barədə E. Abdullayevin qardaşları A. Kazımovdan eşidiblər və bu söhbəti eşidəndə Elşadı danlayıblar: “Elşad Abdullayev Arzu Kazımova zəng edərək təkidlə bu barədə qardaşlarına məlumat verməməyi, onlara aralarında olan pul məsələsinin itkin düşmüş qardaşı Mahir Abdullayevlə bağlı olduğunu deməyini xahiş edib. Lakin Arzu Kazımov bununla razılaşmayıb. Bundan sonra Elşad Abdullayev Arzu Kazımovun ofisinə gələrək pulunu istəyib. Arzu Kazımov da öz növbəsində aralarında imzalanmış müqaviləyə uyğun olaraq mənzilləri sataraq pulu qaytarmaq üçün ondan 10 gün vaxt istəyib. Lakin Elşad Abdullayev bununla razılaşmayıb. Sonradan Elşad Abdullayev pulun müqabilində Arzu Kazımovdan qardaşına məxsus, aeroport yolunun üstündəki torpaq sahəsini istəyib. O, həmin torpaq sahəsində tibb universiteti inşa etdirmək istədiyini bildirib. Arzu Kazımov buna da razılaşıb. Bundan sonra Elşad Abdullayevin hazırladığı 5 tərəfli müqavilə ilə həmin torpaq sahəsi 1 milyon 800 min dolların əvəzində ona verilib. Bununla da Elşadla Arzu Kazımovun arasındakı pul mübahisəsinə son qoyulub”.

Qeyd edək ki, E. Abdullayev bir neçə gün əvvəl həbsdə olan iş adamı Arzu Kazımovla aralarında olan söhbətin səs yazısını yayıb. Səs yazısı A. Kazımovun iş otağında lentə alınıb. Söhbətdə E. Abdullayev, İsmayıl Abdulayev və Arzu Kazımov iştirak edib. Səs yazısından məlum olur ki, A. Kazımov E. Abdullayevdən külli miqdarda pul alıb.

Dialoq zamanı o da məlum olur ki, A. Kazımov aldığı pulu qaytara bilmədiyi üçün inşa etdirdiyi binadan E. Abdullayevə mənzillər təklif edib.

A. Kazımov ötən ilin noyabrında həbs edilib. Baş Prokurorluğun yaydığı məlumata görə, Mahir Abdullayevin itkin düşməsi və digər faktlarla bağlı Baş Prokurorluqda istintaq olunan cinayət işi üzrə törətdikləri cinayət əməllərinə görə Hüseyn Vaqif Əbdülhüseyn oğlu, Ağayev Nəriman Salman oğlu və Kazımov Arzu Firudin oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barələrində məhkəmənin qərarları ilə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilmələri Mahir Abdullayevin bilavasitə itkin düşməsi ilə deyil, onların Elşad Abdullayevə qarşı törətdikləri dələduzluq cinayətləri ilə bağlıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR