Reyhanə Kərimova: “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı işinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb”

Reyhanə Kərimova: “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı işinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb”
# 18 aprel 2013 13:15 (UTC +04:00)

Bu sözləri APA-ya açıqlamasında Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova deyib.

R. Kərimova ədliyyə orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi, açıq hökumət prinsiplərinin və yeni texnologiyaların tətbiqi istiqamətində əsaslı tədbirlər görüldüyünü, qeydiyyat prosedurlarının artıq avtomatlaşdırılmış informasiya sistemi vasitəsi ilə həyata keçirildiyini bildirib: “Yeni doğulmuş uşaqların qeydiyyatı səhiyyə və ədliyyə orqanları arasında elektron mübadilə şəbəkəsi vasitəsi ilə aparılır. Bu sahədə elektron xidmətlər təşkil olunub, əhali doğumun, nikahın qeydiyyatı üçün internet vasitəsilə müraciət edə, bununla bağlı yaradılan digər imkanlardan yararlana bilər. Ölkə başçısının elan etdiyi informasiya-kommunikasiya texnologiyaları ilində Ədliyyə Nazirliyi müasir vasitələrin, qabaqcıl iş metodlarının tətbiqinə xüsusi diqqət yetirir. Bu da vətəndaşlara çevik və daha keyfiyyətli xidmət göstərilməsinə imkan verir. Qanunvericiliyin təkmilləşdirilərək dövrün tələbləri ilə uzlaşdırılması göstərilən istiqamətdə müsbət dəyişikliklərə təkan verir. Məlumdur ki, əvvəllər vətəndaşlarımızın nikahın toy mərasimlərində qeydə alınmasına məhdudiyyət mövcud idisə, hazırda maneələr aradan qaldırılıb, evlənənlər nikahın təntənəli şəraitdə qeydiyyat orqanından kənarda rəsmiləşdirilməsi imkanı əldə edib və əhali həmin mərasimləri arzuladığı yerdə və şəraitdə təşkil edə bilər. İqtisadiyyatımızın sürətlə inkişaf etməsi insanların rifahının xeyli yaxşılaşmasına, xarici ölkələrlə təmasının artmasına, bununla əlaqədar məlumat və müsbət təcrübənin əldə etməsi imkanlarının genişlənməsinə, müxtəlif şənliklərin, toy məclislərinin sayının çoxalması ilə yanaşı onların təşkili ilə bağlı daha yüksək tələblərin formalaşmasına səbəb olub. Qeydiyyat orqanlarına müraciət edən vətəndaşlar nikahlarının toy mərasimlərində müxtəlif bəzək əşyalarından, milli və digər geyimlərdən və sairdən istifadə etməklə səhnələşdirilmiş qaydada həyata keçirilməsini xahiş edirlər. Qanunvericilikdə bu kimi təntənəli tədbirlərin vətəndaşların öz vəsaiti hesabına keçirilməsi nəzərdə tutulub. Beynəlxalq təcrübədə, o cümlədən keçmiş postsovet və digər ölkələrdə qeydiyyat orqanları mərasimlərin təşkili üçün ixtisaslaşmış qurumlara imkanlar yaradır, bununla da nikaha daxil olan gənclər və onların valideynləri çoxsaylı mürəkkəb təşkilati məsələlərin həllindən azad olurlar. Ölkəmizdə də həmin qabaqcıl təcrübədən istifadə olunur, bu istiqamətdə xeyli sayda şəxslər və qurumlar fəaliyyət göstərir, nəşrlər çap olunur. Vətəndaşların seçim imkanı əldə etməsi üçün qeydiyyat orqanlarında onların xidmətlərinə dair müxtəlif bukletlər, jurnallar nikaha daxil olanların diqqətinə çatdırılır. Xidmətdən yararlanmaq arzusu olduqda isə onların nümayəndələri tərəfindən ətraflı məlumat verilməsi üçün şərait yaradılır, nikaha daxil olanlar üçün müvafiq izahlar, xüsusilə nikah müqaviləsinin bağlanması imkanları, onların şərtlərinin müəyyən edilməsinə dair tövsiyələr verilir. Vətəndaşlarımız öz istəklərini artıq şifahi razılaşma ilə deyil, müvafiq təminat yaradan yazılı müqavilələrdə əks etdirirlər. Qeyd olunan prosedurlar xoşagəlməz halların qarşısını alır. Bu xidmətlərin növləri və çeşidləri ilə maraqlananlar internet vasitəsi ilə də (“Nikah mərasimi”, “Xoşbəxt olun” və “Şənliyin təşkili” adlı facebook səhifələri) ətraflı məlumat əldə edə bilərlər” .

Xidmət rəisi bütün ölkədə, o cümlədən ədliyyə sistemində gedən inkişafı, müasirləşməni və əldə edilən uğurları görmək istəməyən bəzi qüvvələrin müxalif mətbuatdan istifadə edərək qeyd olunan tədbirlərə dair həqiqəti əks etdirməyən uydurma məlumatlar yaymağa, yeniliklərə kölgə salmağa, qabaqcıl təcrübəyə dair yanlış fikir formalaşdırılmasına cəhd göstərdiklərini bildirib: “Bir daha vurğulamaq istərdim ki, tətbiq edilən xidmət üsulları digər ölkələrdə geniş yayılıb, özünü doğruldub, insanlara rahatlıq gətirib, neqativ hallara son qoyub. Qeyd edilməlidir ki, bu sahədə fəaliyyət göstərən çoxsaylı qurumlar müstəqildir və vətəndaşlar həmin qurumlara könüllü olaraq bilavasitə müraciət edirlər. Həmin qurumların göstərdiyi yeni xidmətlərə görə ödəmələr şəffaf qaydada elektron ödəmə sistemləri vasitəsi ilə həyata keçiriləcəkdir. Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında prezident İlham Əliyev ölkəmizin inkişaf etmiş dövlətlərin sırasında olmasının, onun müasirləşdirilməsi məqsədi ilə istənilən sahədə müsbət təcrübənin tətbiq olunmasının zəruriliyini vurğulayıb. Ölkə başçısının tövsiyələrinə uyğun olaraq ədliyyə orqanları tərəfindən vətəndaşlara öz hüquqlarının həyata keçirilməsi üçün bütün lazımi tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR