Dövlət Məşğulluq Xidmətinin xətti ilə məşğulluğu təmin olunanların 35,5%-ini gənclər təşkil edib

Dövlət Məşğulluq Xidmətinin xətti ilə məşğulluğu təmin olunanların 35,5%-ini gənclər təşkil edib
# 27 iyul 2016 09:36 (UTC +04:00)

Bakı - APA-Economics. Cari ilin 6 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin münasib işlərlə təmin etdiyi şəxslərin 15 800 nəfərə yaxını və ya 35,5%-i gənclərdən ibarət olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, qeyd olunan dövrdə Dövlət Xidməti tərəfindən haqqı ödənilən ictimai işlərə cəlb edilənlərin 156 nəfərini (28,4%), Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərindəki Əmək Birjaları vasitəsilə müvəqqəti xarakterli işlərə göndərilənlərin isə 632 nəfərini (55,7%) gənclər təşkil edib.

İşçi qüvvəsinin əmək bazarının tələblərinə uyğun olaraq rəqabətə davamlı peşələrə yiyələnmələri üçün müxtəlif peşələr üzrə təşkil olunan peşə hazırlığı və əlavə təhsil kurslarının təşkili zamanı da gənclər diqqətdə saxlanılır. Hesabat dövründə Dövlət Xidmətinin təşkil etdiyi peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunan vətəndaşların 1253 nəfəri (65%) gənclər olub.

Sağlamlıq imkanları məhdud gənclərin də əmək bazarına çıxış imkanlarına malik olmaları üçün onların peşə reabilitasiyası həyata keçirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində cari ilin ötən dövründə bu təbəqədən olan 200 nəfərə yaxın gənc ayrı-ayrı peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunublar.

Əksəriyyəti gənclərdən ibarət olan tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilən "Karyerada ilk addım" devizi altında aktiv məşğulluq tədbirləri cari ildə 8 ali təhsil müəssisəsində davam etdirilib. Bu tədbirlərdə 259 müəssisəyə aid 1452 boş (vakant) iş yeri təklif olunub. İştirakçılara seçimlərinə uyğun vakant iş yerlərinə göndərişlər verilib. Tələbə və məzunların işəgötürənlərlə əlaqələr qurmasına, onlara öz şəxsi məlumatlarını (CV) təqdim etmələrinə şərait yaradılıb.

Hər bir gəncin düzgün peşə seçimi onun gələcəkdə uğurlu əmək fəaliyyəti üçün xüsusi önəm kəsb edir. Bu məqsədlə Xidmət tərəfindən cari ilin yanvar-iyun aylarında 59058 nəfər gəncə peşəyönümü məsləhətləri verilib. Həmçinin gənclərin düzgün ixtisas seçiminə istiqamətləndirilməsində valideynlərin rolu nəzərə alınır. Belə ki, peşəyönümü işində yenilik olaraq, valideynlərin də övladlarının gələcək peşə seçimi ilə bağlı peşəyönümü məsləhətlərinə cəlb edilməsi işləri aparılır. Cari ilin 6 ayında Xidmətin xətti ilə 32 şəhər və rayonda orta ümumtəhsil məktəblərində 500 nəfər valideynin əhatə olunduğu peşəyönümü məsləhətləri təşkil edilib, onlara övladlarının gələcək peşə seçimi ilə bağlı zəruri tövsiyələr və məsləhətlər verilib.

Gənclərin məşğulluğunun təminatı yönündə ölkəmizdə aparılan işlər beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir. Bu sahədə növbəti uğur kimi, cari ilin may ayında Beynəlxalq Əmək Təşkilatının (BƏT) İsveçdə təşkil etdiyi konfransda gənclərin məşğulluğu sahəsində MDB-də ən yaxşı iş təcrübələri üzrə keçirilən müsabiqədə ölkəmiz birinci yerə layiq görülüb. Bununla əlaqədar Azərbaycan nümayəndə heyətinə BƏT-in Diplomu təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR