Azərbaycanda şəriət qaydaları ilə verilən ipoteka kreditlərinin müddəti iki dəfəyədək artırıla bilər

Azərbaycanda şəriət qaydaları ilə verilən ipoteka kreditlərinin müddəti iki dəfəyədək artırıla bilər
# 14 noyabr 2014 12:16 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) İslam Bankçılığı departamenti 2015-ci ildə şəriət qaydaları ilə verdiyi ipoteka kreditlərinin müddətini iki dəfəyədək artırmaq niyyətindədir.

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə ABB-nin İslam Bankçılığı departamentinin rəhbəri Behnam Qurbanzadə bildirib.

Onun sözlərinə görə, hazırda ABB-nin daxili ipoteka proqramı çərçivəsində 10-15 il müddətinə islam ipotekası təklif edilir: “Bu proqram İslam Bankçılığı departamentinin fəaliyyətinə uyğunlaşdırılıb. Gələn il qanunvericiliyə dəyişiklik edildikdən sonra fəaliyyətimiz daha çevik olacaq. Biz bu halda, gənc ailələr üçün ipotekanın müddətini 20-25 ilədək artıra bilərik”, - deyə o əlavə edib.

Sözügedən kredit növünün şərtlərinə gəlincə, B. Qurbanzadə qeyd edib ki, mənzillər ilk növbədə bank tərəfindən alınır və sonradan icarə qaydasında müştərilərə satılır.

Departament rəhbəri həmçinin bildirib ki, şəriət qaydaları ilə verilən ipotekada ilkin ödəniş mövcuddur: “Bununla belə, gələcəkdə ABB-nin maliyyələşdirdiyi mənzil tikintisi layihələrində ilkin ödəniş daha aşağı olacaq”.

Qeyd edək ki, ABB-nın İslam Bankçılığı departamenti islam ipotekasını “İcarə” məhsulu vasitəsilə təklif edir. Ev almaq istəyən müştərilərə mənzil və evlərin müəyyən siyahısı təqdim olunur. Müştəri siyahıdan mənzil və ya evi seçərək, onun dəyərinin 15%-ni ilkin ödəniş etməklə 1 ildən 10 ilədək icarəyə götürə bilər. Məhsul üzrə bank mənfəəti illik 12%, maksimum maliyyələşdirmə məbləği isə 200 000 manat təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR