AZAL və "Ural Hava Yolları" Qəbələ-Moskva aviareysini həyata keçirəcək

AZAL və "Ural Hava Yolları" Qəbələ-Moskva aviareysini həyata keçirəcək
# 22 iyul 2016 12:14 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. İyulun 31-dən etibarən "Azərbaycan Hava Yolları" QSC (AZAL) və Rusiyanın "Ural Hava Yolları" aviaşirkəti Qəbələ-Moskva-Qəbələ marşrutu üzrə birgə reysləri yerinə yetirməyə başlayacaq.

AZAL-ın mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, birgə istismar haqqında sazişə (code-share agreement) əsasən, "Ural Hava Yolları"nın bu hava xətti ilə reysləri hər iki aviaşirkətin kodları altında yerinə yetiriləcək.

Qəbələ-Moskva-Qəbələ marşrutu üzrə birbaşa uçuşlar hər həftənin bazar günləri yerinə yetiriləcək.

"Domodedovo" (DME) Beynəlxalq Hava Limanından uçuş Moskva vaxtı ilə səhər saat 11:30–da, Qəbələ Beynəlxalq Hava Limanına (GBB) enmə yerli vaxtla saat 15:15-də, Qəbələdən uçuş isə saat 16:25-də, "Domodedovo" Hava Limanına enmə yerli vaxtla saat 18:20-də həyata keçiriləcək.

Qəbələdən Moskvaya reyslər biznes və ekonom salonlu “Airbus A320” laynerləri ilə həyata keçiriləcək.

Aviabiletləri AZAL-ın kassalarında əldə etmək və www.azal.az saytında bronlaşdırmaq mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR