Novruz Məmmədov: “Azərbaycan-İran münasibətlərinin inkişaf perspektivlərinə nikbin yanaşıram"

Novruz Məmmədov: “Azərbaycan-İran münasibətlərinin inkişaf perspektivlərinə nikbin yanaşıram"
# 05 sentyabr 2014 13:47 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov söyləyib.

N. Məmmədov deyib ki, bu ilin əvvəllərində Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti Həsən Ruhani İsveçrənin Davos şəhərində keçirilən ilk görüşdə ikitərəfli münasibətlərin inkişafı ilə bağlı bir çox məsələləri müzakirə edib, fikir mübadiləsi aparıb: “Prezidentlər belə qərara gəldilər ki, bundan sonra ikitərəfli münasibətlərə müəyyən ləkə salmaq, zərbə vurmaq, problem yaratmaq istəyən dairələrin təxribatlarının qarşısı alınsın, bütün səylər ikitərəfli münasibətlərin inkişafına yönəldilsin. Doğurdan da ötən müddətdə böyük addımlar atılıb. Həm İranda, həm də Azərbaycanda proseslər prezidentlərin qeyd etdiyi istiqamətdə gedir”.

Azərbaycan prezidentinin İrana səfərini və İran-Azərbaycan Birgə Komissiyasının rəhbərlərinin qarşılıqlı səfərlərini xatırladan N. Məmmədov bildirib ki, İran prezidentinin də Azərbaycana səfəri gözlənilir: “İki ölkənin münasibətlərinin inkişafı istiqamətində müsbət yöndə proseslər gedir. Eyni zamanda əvvəlki dövrlərdən fərqli olaraq mətbuatda, müəyyən dairələrdə iki ölkənin münasibətlərinə zərbə vurmaq yönündə çıxışlara da rast gəlinmir. Bu iki ölkə arasında ənənəvi qonşuluq, dostluq, qardaşlıq münasibətləri olub. Hər iki tərəf düşünür ki, ən düzgün yol bu istiqamətdə getməkdir. Amma bunu istəməyənlər də var. Ola bilsin ki, Azərbaycanda da, İranda da iki ölkə münasibətlərinin inkişafında maraqlı olmayan kimsə, hansısa qurum var. Eyni zamanda iki ölkə münasibətlərinin yaxşı olmasını kənarda da istəməyənlər ola bilər. Bu yaxınlarda bir pilotsuz təyyarə ilə bağlı yayılan informasiyalar da bunu göstərdi. Haradasa nə isə olub, kənardan kimsə ortaya atdı ki, bu pilotsuz təyyarə Azərbaycandan İrana uçmuş ola bilər. Çox yaxşı ki, İran tərəfi baş verənləri düzgün qiymətləndirdi. Amma kənardan kimlərsə Azərbaycan - İran münasibətlərinin inkişafına mane olmaq istəyir, iki ölkə arasında münasibətlərin inkişafını maraqlarına zidd sayılar”.

N. Məmmədov qeyd edib ki, bu günlərdə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin də bildirib ki, kimlərsə iki ölkə arasındakı münasibətlərə zərbə vurmaq istəyir: “Bu, düzgün mövqedir. Ancaq bir daha qeyd etmək istəyirəm ki, prezidentlərin mövqeyinə uyğun olaraq xüsusən bu il iki ölkə münasibətləri inkişaf edir. Düşünürəm ki, bundan sonra da inkişaf edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR