“Macarıstanda Azərbaycan Turizm Günləri” adlı tədbir keçirilib - FOTOSESSİYA

“Macarıstanda Azərbaycan Turizm Günləri” adlı tədbir keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 22 noyabr 2014 14:59 (UTC +04:00)

Bakı-APA. Macarıstan-Azərbaycan Gənclər Birliyi (MAGB) tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin təşkilati dəstəyi ilə 21-22 noyabr tarixlərində “Macarıstanda Azərbaycan Turizm Günləri” adlı tədbir təşkil edilib.

Azərbaycanın Macarıstandakı Səfirliyindən APA-ya verilən məlumata görə, tədbirdə Azərbaycan və Avropadan seçilmiş gənclər, eləcə də Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin, Macarıstan Parlamentinin, Azərbaycan Respublikası Gənclər Fondunun, eləcə də Macarıstan, Azərbaycan və Mərkəzi Avropa ölkələrinin QHT nümayəndələri iştirak edib.

Tədbirin Macarıstan Parlamentində keçirilmiş ilk gününü giriş sözü ilə açan MAGB-nin sədri İbrahim Səfərli birliyin tarixi, bu günə kimi həyata keçirdiyi layihələr barədə danışıb və “Azərbaycan Turizm Günləri” adı altında keçirilən tədbirin məqsəd və məramı barəsində iştirakçıları məlumatlandırıb.

Daha sonra Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev çıxış edərək, layihənin uğurla həyata keçirilməsi münasibətilə MAGB-in İdarə heyətini təbrik edib, Azərbaycan ilə Macarıstan gəncləri arasında mövcud əlaqələrin daha da dərinləşdirilməsinin əhəmiyyətini vurğulayıb. Səfir, iki həftə öncə Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana etdiyi iki günlük işgüzar səfərin, iki ölkə iş adamları arasında keçirilmiş Biznes forumun və səfər çərçivəsində strateji əməkdaşlıq Sazişi başda olmaqla imzalanmış müqavilələrin Azərbaycanla Macarıstan arasındakı sıx əməkdaşlığın bariz nümunəsi olduğunu bildirib.

Macarıstan Parlamentinin üzvü, Azərbaycan-Macarıstan Parlamentlərarası Dostluq Qrupunun sədri Marton Döndöşi son illər iki ölkə arasında əlaqələrin sürətli inkişafından dolayı məmnuniyyətini bildirib və bu kimi layihələrin həyata keçirilməsinin Azərbaycan və Macarıstan arasındakı əməkdaşlığa böyük töhfə verdiyini vurğulayıb.

Gənclər Fondunun Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Orxan Ərəbov danışaraq Fond və onun dəstəyi ilə həyata keçirilmiş layihələr barəsində qonaqlara ətraflı məlumat verib.

Tədbirin ikinci hissəsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin, Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin, eləcə də Hungarian Tourism LTD, Balance Law and Tax Firm və Rİxos Hotels Azərbaycanın nümayəndələri müvafiq təqdimatlarla çıxış ediblər.

Tədbirin ikinci günü Azərbaycanın Macarıstandakı Səfirliyində keçirilib. İştirakçılar səfirlik binası və konsulluq şöbəsinin iş prinsipi ilə yaxından tanış olub.

Xatırladaq ki, MAGB Macarıstanda yaşayan gənc azərbaycanlı və macar fəalların təşəbbüsü ilə 2012-ci ilin dekabrında yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR