Azərbaycanda sahibkarlıq subyektlərinin yoxlanması qrafikini müəyyənləşdirən qanun layihəsi hazırlanır

Azərbaycanda sahibkarlıq subyektlərinin yoxlanması qrafikini müəyyənləşdirən qanun layihəsi hazırlanır
# 13 mart 2013 11:09 (UTC +04:00)

Bakı. Mübariz Aslanov-APA. Azərbaycanda yoxlayıcı orqanlar artıq istədikləri vaxtı sahibkarları yoxlaya bilməyəcəklər. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov APA-ya açıqlamasında bildirib ki, “Sahibkarlıq fəaliyyətinin yoxlanılmasının tənzimlənməsi və sahibkarların maraqlarının qorunması haqqında” qanun yeni qanun layihəsi hazırlanıb.

Yeni layihəyə əsasən, artıq bütün yoxlayıcı orqanlar bütün sahələrdə fəaliyyət göstərən sahibkarları istədikləri vaxt deyil, qanunla müəyyən edilmiş müvafiq vaxtlarda yoxlayacaqlar. Yeni qanunda bunun yoxlamaların aparılması üçün vaxtların təyin olunması ilə bağlı sahibkarlıq fəaliyyəti 3 risk - aşağı, orta və yüksək risk qruplarına bölünüb. Qeyri-yeyinti sənayesi sahəsində aşağı risk qrupuna aid olan sahibkarlıq subyektləri 3 ildən bir, orta risk qrupuna aid olanlar 2 ildən bir və yüksək risk qrupuna aid olanlar isə ildə bir dəfə yoxlanılacaqlar. Yeyinti sahəsində isə aşağı risk qrupunda fəaliyyət göstərən sahibkarlıq subyektləri 2 ildən bir, orta risk qrupuna aid olanlar ildə bir dəfə və yüksək risk qrupuna aid olan sahibkarlıq subyektləri isə 6 aydan bir yoxlanılacaqlar. Layihə komitənin sabah keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

R. Cəbrayılov onu da bildirib ki, layihə konseptual baxımdan mükəmməl və ciddi əhəmiyyət kəsb etsə də, hüquqi baxımdan müəyyən çatışmazlıqlar var ki, müzakirələr zamanı bu çatışmazlıqların aradan qaldırılmasına çalışılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR