Bu il Çin və Azərbaycan arasında münasibətlər iki dövlətin liderlərinin strateji rəhbərliyi altında dinamik inkişaf edir və böyük potensiala malikdir.
APA xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
Diplomat qeyd edib ki, hər iki ölkənin müvafiq qurumları dövlət başçıları arasında əldə olunmuş mühüm razılaşmaların həyata keçirilməsi məqsədilə sıx koordinasiya şəraitində fəaliyyət göstərirlər. Bu, ikitərəfli əlaqələrin daha da inkişafına və yeni nəticələrin əldə olunmasına töhfə verir.
Səfirin sözlərinə görə, bu ilin əvvəlindən Çin və Azərbaycan arasında yüksək səviyyəli təmasların intensivliyi qorunub saxlanılıb.
O, Çin xarici işlər naziri Van İnin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə toplantısında iştirak etmək məqsədilə Azərbaycana səfər etdiyini xatırladıb. Səfir qeyd edib ki, Van İ Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşlərində Çin-Azərbaycan münasibətlərinin dərinləşdirilməsi və praktiki əməkdaşlığın perspektivlərini hərtərəfli müzakirə edib. Bu görüşlər ikitərəfli əlaqələrin inkişafına yeni təkan verib.
Diplomat onu da əlavə edib ki, Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlıq genişləndiriləcək.