"Regionumuzda 9 500-dən çox şəxs hələ də itkin kimi qeydiyyatdadır".
APA xəbər verir ki, bunu Serbiyanın Xarici İşlər Nazirliyinin Baş katibi Duşan Kozarev İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində keçirilən IV Beynəlxalq Konfransda deyib.
“Bizim üçün bu məsələ sadəcə statistika deyil. Hər bir itkin şəxsin arxasında yaxınlarının taleyi və harada olması ilə bağlı cavab gözləyən ailə var. Bəzən bu gözlənti onilliklər davam edir”, - o bildirib.
Duşan Kozarev qeyd edib ki, Serbiyada itkin şəxslər məsələsinin həlli ilə bağlı illər ərzində institusional çərçivə formalaşdırılıb. Onun sözlərinə görə, davamlı nəticələrin əldə olunması üçün milli qurumlar, beynəlxalq təşkilatlar, məhkəmə-tibb ekspertləri və ən əsası, itkin şəxslərin ailələri arasında fasiləsiz əməkdaşlıq vacibdir.
Serbiyanın regional əməkdaşlığa sadiq qaldığını bildirən Kozarev deyib ki, itkin şəxslərin taleyinə aydınlıq gətirilməsi, ailələrə cavabların verilməsi, barışıq və regional sabitliyin təşviqi əsas məqsədlərdəndir.
O, həmçinin itkin şəxslərlə bağlı məlumatların sistemli şəkildə mübadiləsi və yoxlanılmasının vacibliyini vurğulayıb. Baş katib keçmiş Yuqoslaviyada aktiv itkin şəxslərlə bağlı regional məlumat bazasının yaradılmasını buna nümunə göstərib. Onun sözlərinə görə, Berlin Prosesi çərçivəsində, İtkin Şəxslər üzrə Beynəlxalq Komissiyanın dəstəyi ilə yaradılan bu məlumat bazası region ölkələrinin müvafiq qurumlarını bir araya gətirir və məlumatların mübadiləsi, yoxlanılması və yenilənməsi üçün mexanizm yaradır.
Duşan Kozarev son illərdə prosesin siyasiləşdirilməsi səbəbindən bəzi istiqamətlərdə əməkdaşlığın dayandığını bildirib. O, xüsusilə Xorvatiya və Kosovodakı müvafiq qurumlarla əməkdaşlıqda durğunluq yarandığını qeyd edib.
Serbiyanın Xarici İşlər Nazirliyinin Baş katibi çıxışında keçmiş Yuqoslaviyada münaqişələr zamanı serblərin itkilərindən də danışıb. O bildirib ki, təkcə indiki Xorvatiya ərazisindən 1 500-dən çox serb hələ də itkin kimi qeydiyyatdadır.
Kozarev Bosniya və Herseqovina, eləcə də Kosovo və Metoxiya ərazilərində serb və digər qeyri-alban icmalarına mənsub çoxsaylı itkin şəxslərin axtarışının davam etdiyini deyib.