Avropa Azərbaycan Məktəbi Beynəlxalq Bakalavriat Diplom Proqramı üzrə təhsil verən məktəb statusu qazanıb

Avropa Azərbaycan Məktəbi Beynəlxalq Bakalavriat Diplom Proqramı üzrə təhsil verən məktəb statusu qazanıb
# 01 iyul 2015 14:03 (UTC +04:00)

Bakı-APA. Avropa Azərbaycan Məktəbi dünya məktəbi olaraq İB (İnternational Baccalaureate / Beynəlxalq Bakalavriat) Diplom Proqramı (DP) üzrə təhsil verən məktəb statusu qazanıb.

Bundan sonra Avropa Azərbaycan Məktəbi İB-nin internet səhifəsində və İBİS (İB İnformasiya Sistemi) sistemində Diplom Proqramına malik olan məktəb kimi göstəriləcək. Növbəti tədris ilinin əvvəlindən məktəbdə artıq İB Diplom Proqramının tətbiqinə başlanılacaq.

Avropa Azərbaycan Məktəbindən APA-ya verilən məlumata görə, İB Proqramı təşkilatının məktəblər üzrə məsul əməkdaşı Endryu Makdonaldın Avropa Azərbaycan Məktəbinin direktoru Qrem Polloka göndərdiyi məktubda bildirilir: “Məktəbiniz İB dünya məktəbi statusuna malik olan qlobal məktəblər şəbəkəsinin bir üzvüdür. Bu məktəblər gələcəyini uğurla təmin edə biləcək, daha ahəngdar və firavan dünya yaratmağa töhfə verən bilikli, qayğıkeş gənclərin yetişdirilməsinə çalışır”.

Məktubda daha sonra qeyd edilir ki, İB Proqramı həmçinin, müəllimlərin peşəkar inkişafına yönəlir və təşkilat məktəbin DP siniflərində çalışan pedaqoji heyəti İB müəllimlər şəbəkəsinə qəbul etməyə hazırdır. Burada onlar digər ölkələrdən olan müəllimlərlə əməkdaşlıq edə biləcək, şagirdlərin öyrədilməsində ən yaxşı təcrübələr tətbiq edən və bu təcrübəni bir-biri ilə bölüşən həmkarlar tapa və qlobal mütəxəssis şəbəkəsinə qoşula biləcəklər.

Məlumat üçün deyək ki, Beynəlxalq Bakalavriat Təşkilatı 1968-ci ildə İsveçrədə təsis edilib. İB diplomunu almış hər bir şəxs dünyanın istənilən ali məktəbinə qəbul imtahanı keçmədən qəbul oluna bilər. İB diplomunu yalnız Beynəlxalq Bakalavriat Diplom Proqramı üzrə təhsil vermək hüququ qazanmış məktəblər verə bilər.

Avropa Azərbaycan Məktəbi 2011-ci ildə Avropa Azərbaycan Cəmiyyəti tərəfindən təsis edilmiş, yerli və beynəlxalq kurikulum əsasında dünyanın ən qabaqcıl təhsil standartları ilə fəaliyyət göstərən modern təhsil müəssisəsidir. Məktəb 2013-cü ildə dünyada ibtidai və orta təhsil üzrə ixtisaslaşmış ən böyük təşkilatlardan olan Beynəlxalq Məktəblərin Avropa Şurasına (ECIS) üzv qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR