BMT: 2015-ci ildə qlobal iqtisadi inkişaf təxminən ötənilki səviyyədə qalacaq

BMT: 2015-ci ildə qlobal iqtisadi inkişaf təxminən ötənilki səviyyədə qalacaq
# 07 oktyabr 2015 10:09 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Zəngin dövlətlər öz iqtisadiyyatlarını bərpa etmək və onu davamlı inkişaf trayektoriyasına gətirmək üçün dövlət xərclərini və əmək haqlarını artırmalıdır. İnkişaf etməkdə olan dövlətlər isə iqtisadi artımı uzunmüddətli inkişafla əlaqələndirməlidir”.

APA-nın BMT-nin saytına istinadən verdiyi xəbərə görə, bu tövsiyələr BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) yeni məruzəsində qeyd edilib.

Məruzənin müəllifləri bildirirlər ki, 2015-ci ildə qlobal iqtisadi artım təxminən ötənilki səviyyədə qalacaq və 2,5% təşkil edəcək. Bu vəziyyət inkişaf etmiş ölkələrdə iqtisadi inkişafın cüzi sürətlənməsi, inkişaf etməkdə olan iqtisadiyyatların mülayim şəkildə zəifləməsi və keçid iqtisadiyyatı olan ölkələrdə daha nəzərəçarpan azalma ilə müşahidə olunacaq.

Ümumən 2015-ci ildə iqtisadi inkişaf böhran illərinə qədər olan 4 %-lik göstəricilərdən daha aşağı olacaq. UNCTAD-ın rəhbəri Muxisa Kituyi bəyan edib ki, maliyyə böhranından 8 il keçməsindən sonra dünya hələ də inklüziv davamlı iqtisadi inkişaf yoluna qədəm qoya bilməyib.

2015-ci ildə sənaye cəhətdən inkişaf etmiş dövlətlərdə iqtisadi inkişafın 1,9 % təşkil edəcəyi gözlənilir. Müqayisə üçün bu, 2014-cü ildə 1,6 % təşkil edib.

Zəngin dövlətlərdə iqtisadiyyatda canlanmanı ekspertlər enerji daşıyıcılarının qiymətinin düşməsi və yaşayış xərclərinin artması, Almaniya, Böyük Britaniya və ABŞ-da məşğulluğun artması nəticəsində daxili tələbatın yüksəlməsi ilə əlaqələndirirlər.

UNCTAD ekspertləri qeyd edir ki, 2000-ci illərin əvvəllərindən başlayaraq inkişafda olan və keçid iqtisadiyyatlı ölkələrə xüsusi kapital axını nəzərəçarpacaq dərəcədə artıb. Lakin son illərdə vəziyyət dəyişilib. İnvestisiyaların azalması müşahidə olunur.

2015-ci ilin ortalarından Braziliya, Rusiya Federasiyası, Cənubi Afrika və Çin iqtisadiyyatlarında müşahidə olunan azalma dünya maliyyə bazarlarına təsir edib. Qlobal investorlar ABŞ-da faiz dərəcələrinin artması və xammala olan qiymətin aşağı düşməsini nəzərə alaraq inkişaf etməkdə olan iqtisadiyyatlardan tez getdilər.

Ümumilikdə, inkişaf etməkdə olan ölkələrdə iqtisadi artım 4%-dək azalacaq.

Məruzədə o da bildirilir ki, bu il beynəlxalq ticarət zəif olub, xammal məhsullarının qiyməti əhəmiyyətli dərəcədə düşüb. Əsas azalma isə xam neft qiymətlərində müşahidə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR