Səttar Mehbalıyev: “Qeyri-leqal iqtisadiyyat sahəsində çalışan işçilərin əmək hüquqları daha çox pozulur”

Səttar Mehbalıyev: “Qeyri-leqal iqtisadiyyat sahəsində çalışan işçilərin əmək hüquqları daha çox pozulur”
# 05 fevral 2013 09:45 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. “Bu gün demək olar ki, bütün ölkələrdə qeyri-leqal məşğulluq mövcuddur. Biz qeyri-leqal iqtisadiyyat sahəsində çalışan işçilərin əmək hüquqlarının pozulması halları ilə tez-tez rastlaşırıq”. APA-nın məlumatına görə, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) IV qurultayındakı çıxışında konfederasiyanın sədri Səttar Mehbalıyev deyib.

S.Mehbalıyev bildirib ki, buraya əmək müqaviləsinin bağlanmaması, iş rejiminin qanunvericiliyə uyğun təşkil edilməməsi, işçilərin qanunvericilikdə nəzərdə tutulmuş gündəlik və həftəlik iş vaxtından artıq işləməsi, istirahət və bayram günlərində işə cəlb edilməsi, onlara məzuniyyət verilməməsi, maaş cədvəlində məbləğin olduğundan az göstərilməsi, əməyin mühafizəsi və sanitar-gigiyenik normalara cavab verməyən şəraitdə işləmək və digər halları aid etmək olar.

S.Mehbalıyev qeyri-leqal məşğulluğun qarşısının alınması, işçilərin əmək hüquqlarının gücləndirilməsi, ümumilikdə əməkçilərin sosial-iqtisadi hüquqlarının qorunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə birlikdə fəaliyyətin gücləndirilməsinin vacibliyini vurğulayıb: “Birgə monitorinqlər aparmalı, işçilər arasında təbliğat işini genişləndirməli, işçilərin və onların ailə üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması məqsədilə lazımi addımları atmalıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR