İnsan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyası xüsusi proqramlar əsasında həyata keçiriləcək

İnsan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyası xüsusi proqramlar əsasında həyata keçiriləcək
# 25 iyul 2014 09:29 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycanda insan alverinin qurbanı olmuş və ya potensial qurbanı olan uşaqlara göstərilən yardım və onların müdafiəsi işi təkmilləşdiriləcək. APA-nın xəbərinə görə, ölkə prezidentinin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda qeyd olunub ki, insan alverinin qurbanı olmuş və ya potensial qurbanı olan uşağa yardım göstərilərkən onun mənafeləri üstün tutulmalı, uşağın hüquqlarının və qanuni maraqlarının qorunması üçün müvafiq tədbirlər görülməlidir. Normativ hüquqi aktlarla yanaşı, yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında qanunvericiliyin müddəaları rəhbər tutulmaqla, insan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyası xüsusi tərtib edilmiş proqramlar əsasında həyata keçiriləcək.

Qeyd olunub ki, qəyyumluq və himayə orqanları, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar insan alverinin qurbanı olmuş və ya potensial qurbanı olan uşaqların hüquq və mənafelərinin qanunvericiliyə uyğun olaraq qorunmasında, onların sosial reabilitasiyasının həyata keçirilməsində yaxından iştirak edərək müvafiq tədbirlər görəcəklər.

Dövlətin himayəsində olan uşaqların yetkinlik yaşına çatdıqdan sonra insan alveri riski qrupuna daxil olmaması məqsədi ilə onlara sosial-hüquqi və sosial-psixoloji xidmətlər, sosial-məsləhət yardımı göstərilməsi, insan alverinin qurbanı olmuş uşaqların təhsillərini davam etdirmək imkanlarının təmin edilməsi, müvəqqəti sığınacaqlarda yaşayan uşaqların təhsilinin həmin yerlərdə təşkil edilməsi, insan alverinin qurbanı olmuş uşaqların ümumtəhsil məktəblərində təhsil aldıqları müddətdə ayrı-seçkiliyə məruz qalmasının qarşısının alınması üçün tədbirlər görülməsi, uşaqların təhsildən yayınması və baxımsızlığı ilə bağlı monitorinqlər aparılması, təhsildən yayınan və sosial cəhətdən həssas uşaqların reabilitasiyası üzrə tədbirlərin görülməsi nəzərdə tutulur.

Övladlığa, qəyyumluğa və ya himayəyə verilmiş uşaqların ailələrdə monitorinqi aparılacaq və bu məqsədlə yerlərdə monitorinq qrupları yaradılacaq, şəxsiyyəti təsdiq edən sənədi olmayan uşaqların müvafiq sənədlərlə təmin edilməsinə kömək göstəriləcək, uşaqlarla işləyən sosial iş institutunun formalaşması istiqamətində müvafiq tədbirlər həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR