ABŞ “yumşaq güc” sahəsində liderdir

ABŞ  “yumşaq güc” sahəsində liderdir
# 14 iyun 2016 09:55 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Portland” media şirkəti tərəfindən "yumşaq güc" konsepsiyasını ən uğurlu həyata keçirən ölkələrin sıralamasının əks olunduğu “The Soft Power 30” adlı sıralama hazırlanıb.

APA-nın xəbərinə görə, sıralamada ilk üç yeri müvafiq olaraq ABŞ, Birləşmiş Krallıq və Almaniya tutur. İlk onluqda yer alan digər ölkələr sıra ilə Kanada, Fransa, Avstraliya, Yaponiya, İsveçrə, İsveç və Niderlanddır. 30 ölkənin yer aldığı siyahıya Rusiya da daxil olub və 27-ci yerdə qərarlaşıb.

Qeyd edilib ki, ABŞ-ın dijital diplomatiya sahəsindəki nailiyyətləri ölkənin "yumşaq güc" potensialına əhəmiyyətli təkan verir. Bu ölkə texniki brendlər, dijital texnologiya və innovasiya sahəsində qlobal liderdir. Bununla yanaşı, “Facebook”, “Twitter”, “Whatsapp” da daxil olmaqla, ən iri dijital platformalara ev sahibliyi edir. Digər tərəfdən, prezident Obamanın bir sıra diplomatik təşəbbüsləri - İranla nüvə sazişinin imzalanması, Atlantik və Sakit okean boyunca olan tərəfdaşları ilə azad ticarət razılaşmalarında əldə etdiyi tərəqqi, Kuba ilə diplomatik münasibətləri bərpa etməsi də qeyd olunub. Təhsil nöqteyi-nəzərindən yanaşdıqda isə dünyanın digər ölkələri ilə müqayisədə ABŞ-ın daha çox universiteti "top-200"də yer alıb. Bu isə ABŞ-a daha çox beynəlxalq tələbə cəlb etmək imkanı verir. Ölkənin zəif cəhətləri arasında polis zorakılığı, irqi gərginlik, digər inkişaf etmiş ölkələrlə müqayisədə daha çox sui-qəsd göstəriciləri qeyd edilib.

Rusiya isə “The Soft Power 30” sıralamasına yeni daxil olan ölkədir. Qeyd edilib ki, dövlət kanalı olan "Russia Today" ingilis, ispan, ərəb, hind dillərində informasiya yaymaqla yanaşı, yüksək reytinqə malikdir. Rusiya həm də diplomatik baxımdan güclüdür və qlobal təhlükəsizlik məsələlərində dünya gücləri ilə birliklə aparıcı yer tutur. Ölkənin zəiflikləri arasında isə hökumətə etimadın zəifləməsinə və potensial investorların qorxmasına gətirib çıxaran korrpusiya skandalları qeyd edilib. Bununla yanaşı, cinsi, irqi azlıqlara qarşı ayrı-seçkilik Rusiyanın yanlış addımları kimi qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR