Səttar Mehbalıyev: “ARDNŞ-dan ixtisarlarla bağlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına müraciət daxil olmayıb”

Səttar Mehbalıyev: “ARDNŞ-dan ixtisarlarla bağlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına müraciət daxil olmayıb”
# 12 dekabr 2014 13:26 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) ixtisarların olacağı ilə bağlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) müraciət daxil olmayıb.

Bunu “APA-Economics”ə açıqlamasında AHİK sədri Səttar Mehbalıyev deyib.

“Harada həmkarlar təşkilatı varsa, orada ixtisar olunmamışdan qabaq həmkarlar təşkilatına müraciət olunur. Əmək qanunvericiliyinə, Əmək Məcəlləsinə uyğun olaraq bu məsələ həmkarlar təşkilatı ilə müzakirə olunur. Müzakirələrdə əsas məqsəd ondan ibarətdir ki, işdən azad olunan işçilərin gələcək taleyi necə olacaq və yaxud başqa nazirliyin, şirkətin, başqa sahələrdə ola bilsin ki, işlə təmin etmək mümkün olar. Yəni, müzakirələrdən sonra qərar qəbul olunur və həmkarlar təşkilatı da buna razılıq verir. Belə bir müraciət hələ yoxdur. Dövlət Neft Şirkətindən hələ belə bir şey yoxdur”, - deyə S. Mehbalıyev vurğulayıb.

“BP-Azerbaijan” şirkətində ehtimal olunan ixtisarlara gəlincə, konfederasiya sədri əlavə edib ki, bu şirkətdə həmkarlar təşkilatı olmadığından bu barədə heç nə deyə bilməz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR