Dövlət Dəniz Administrasiyasında Rusiyanın Gəmiçilik üzrə Dəniz Registri tərəfindən müstəqil qiymətləndirmə həyata keçirilib

Dövlət Dəniz Administrasiyasında Rusiyanın Gəmiçilik üzrə Dəniz Registri tərəfindən müstəqil qiymətləndirmə həyata keçirilib
# 25 iyun 2015 10:13 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Beynəlxalq Dəniz Təşkilatının üzvü olaraq Azərbaycanın 22 aprel 1997-ci il tarixli, 276-IQ nömrəli qanunu ilə qoşulduğu “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” beynəlxalq konvensiyanın (DHDNÇ) IV maddəsinə uyğun olaraq, konvensiyanın qüvvəyə mindiyi hər bir üzv dövlət konvensiyanın əhatə etdiyi məsələlər üzrə qəbul edilən qanunların, qərarların, qaydaların və digər normativ hüquqi sənədlərin mətnlərini, dənizçilərin hazırlanmasına dair tədris proqramları və onların müddətlərini, konvensiyaya uyğun olaraq diplomların verilməsi üçün imtahanlar barədə məlumatları, eləcə də konvensiyaya əsasən verilən diplomların nümunələrini Beynəlxalq Dəniz Təşkilatının (BDT) baş katibinə təqdim etməlidir.

Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, adıçəkilən beynəlxalq konvensiyanın I/8-ci qaydasının və “dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” beynəlxalq məcəllənin A-I/8-ci bölməsinin tələblərinə əsasən konvensiyanın qüvvəyə mindiyi hər bir üzv dövlət ən azı beş ildə bir dəfə dənizçilərin biliklərinin, bacarıqlarının və səriştəliliyinin yoxlanılması, eləcə də sertifikatlaşdırılması sisteminin tətbiqi üzrə fəaliyyətinin müstəqil qiymətləndirilməsini təmin etməlidir və Azərbaycanda sonuncu müstəqil qiymətləndirmə 2010-cu ildə həyata keçirilib.

Qeyd olunanları nəzərə alaraq, Dövlət Dəniz Administrasiyası tərəfindən müvafiq müstəqil qiymətləndirmənin keçirilməsi üçün Rusiyanın Gəmiçilik üzrə Dəniz Registrinin müstəqil ekspertləri dəvət olunub və qeyd olunan müstəqil ekspertlər tərəfindən bu ilin 7 mart - 14 aprel tarixlərində Dövlət Dəniz Administrasiyanın və Dəniz Akademiyasının keyfiyyətin idarə olunması sisteminin qiymətləndirilməsi aparılıb.

Bu yoxlama nəticəsində müstəqil ekspertlər tərəfindən tədris proqramları, dənizçilərin ilkin və dövri tibbi müayinə keçmə prosedurları və keyfiyyətin idarə olunması sisteminin tətbiqi və nəzarəti “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” beynəlxalq konvensiyaya və məcəlləyə edilən manila dəyişikliklərini özündə əks etdirərək Azərbaycanda tam tətbiq edilməsi barədə qərar qəbul edilib.

Konvensiyanın I/7-ci qaydasına əsasən, bütün yoxlanılan sənədlər toplusu və müstəqil qiymətləndirmənin nəticələrinə dair hesabat BDT-nin baş katibinə təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR