Cənubi Qafqaz Boru Kəmərinin gündəlik orta ötürücülük qabiliyyəti açıqlanıb

Cənubi Qafqaz Boru Kəmərinin gündəlik orta ötürücülük qabiliyyəti açıqlanıb
# 20 noyabr 2014 13:41 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) gündəlik orta ötürücülüyü 17 mln. 412 min kubmetr qaz və ya gündə 106 017 barel neft ekvivalenti olub.

Kəmərin operatoru “BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilərək əvvəl Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə həm də Türkiyəyə “Şahdəniz Mərhələ 1” qazını çatdırır.

CQBK-nın iki operatoru var - BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, “Statoil” şirkəti isə CQBK-nın biznes icrası üzrə məsul kommersiya operatorudur.

Bu ilin doqquz ayı ərzində CQBK ilə bağlı fəaliyyətlərə 36,5 mln. dollar əməliyyat xərcləri və 599 mln. dollar əsaslı xərclər sərf edilib. Tam il üçün əməliyyat xərclərinin 47,2 mln. dollar olacağı gözlənilir. Əsaslı xərclər isə CQBK-nin genişləndirilməsi üzrə işlərin sürət götürməsi nəticəsində 1 mlrd. 244 mln. dollara qədər artacaq.

Qeyd edək ki, Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları BP (texniki operator – 28,8%), AzCQBK (10%), Cənub Qaz Dəhlizi Midstrim (6,7%), “Statoil” (15,5%), “Lukoil” (10%), “Niko” (10%), və TPAO (19%) ibarətdir. Bu faizlərə “Statoil”dan müvafiq olaraq BP və Azərbaycan hökümətinin (Cənub Gaz Dəhlizi Midstrim) aldığı iştirak payları və “Total”ın TPAO-ya satdığı iştirak payı daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR