Azərbaycanda bəzi çaylarda suyun səviyyəsi artıb

Azərbaycanda bəzi çaylarda suyun səviyyəsi artıb
# 13 iyun 2016 11:03 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Ötən gün ərzində Böyük Qafqazın cənub yamacına yağan intensiv yağış nəticəsində ərazidən axan əksər çaylarda sululuğun artımı müşahidə olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-a verilən xəbərə görə, iyun ayının 13-də Qarasu-Zərdab məntəqəsində suyun səviyyəsində 65 sm artım qeydə alınıb. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 55-70, Kiçik Qafqazın çaylarında 70-160, Lənkəran-Astara bölgəsi çaylarında isə 90-120 faizini təşkil edir.

İyunun 13-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 10 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 593 m3/s olmaqla ongünlük normanın 101 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 355 m3/s olmaqla ongünlük normanın 60 faizi qədərdir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 17 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 394 m3/s olmaqla, ongünlük normanın 233 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 154 m3/s təşkil edərək ongünlük normanın 91 faizinə bərabər olub.

İyunun 13-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 19, Salyanda 13, Araz çayının Novruzlu məntəqəsində 25 sm artım, Bankədə isə 5 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 408 sm (2015-ci il iyunun 13-də 320 sm), Salyanda 161 sm (2015-ci il iyunun 13-də 110 sm), Bankədə 195 sm (2015-ci il iyunun 13-də 187 sm), Araz çayının Novruzlu məntəqəsində isə 105 sm (2015-ci il iyunun 13-də 29 sm) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR