Bakıda Argentinanın milli bayramı qeyd edilib

Bakıda Argentinanın milli bayramı qeyd edilib
# 11 iyul 2016 21:18 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Bakıda Argentina Respublikasının İstiqlaliyyət bəyannaməsinin qəbul edilməsinin 200 illiyi ilə bağlı tədbir keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə Argentinanın Azərbaycandakı səfiri Karlos Dante Riva, Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahil Babayev, diplomatik korpus nümayəndələri, ictimaiyyət və media təmsilçiləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Argentinanın səfiri Karlos Date Riva bildirib ki, 1816-cı ilin məhz bu tarixində Argentina Respublikasının möhkəm əsasları qoyulub. Onun sözlərinə görə,İstiqlaliyyət bəyannaməsində əksini tapan həmin hədəf və məqsədlər indi də Argentina xalqına eyni şövq və gücü verir: “Argentina Respublikası artıq 3-cü əsrinə qədəm qoyur. Biz nə ən qədim, nə də ən yeni xalqlar arasında deyilik və bu, bizi tariximizdən dərs götürə biləcəyimiz bir mövqeyə qoyur”.

Səfir bildirib ki, Argentina Azərbaycanı etibarlı tərəfdaş hesab edir: “Azərbaycanın simasında etibarlı tərəfdaş və çox dəyərli dost görürük. Bizim ortaq məqsədlərimiz var, möhkəm münasibətlər yaratmağa nail olmuşuq və gələcəkdə bizi bir çox birgə nailiyyətlər gözləyir”.

Daha sonra çıxış edən Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahil Babayev bildirib ki, Azərbaycan-Argentina münasibətləri qarşılıqlı hörmət və etimada əsaslanır. İqtisadi-ticarət əlaqələrinin maddi hüquqi bazasını 10-dan çox sənədin təşkil etdiyini bildirən S. Babayev bu sahənin dinamik inkişaf etdiyinə diqqət çəkib: “Dünyadakı iqtisadi böhrana baxmayaraq iqtisadi əlaqələrimizin həcmində 40%-lik artım müşahidə olunub. Bu 40%-lik artım mövcud potensialdan daha səmərəli istifadə edilməsini zəruri edir. 2014-cü ildə Azərbaycan və Argentina arasında ticarət və iqtisadiyyat üzrə birgə hökumətlərarası birgə işçi qrupunun yaradılması ikitərəfli münasibətlərimizə töhfə verib. Azərbaycan və Argentina arasında qarşılıqlı əməkdaşlığın inkişafı üçün mühüm zəmin mövcuddur. Ölkələrimizdə yaradılmış münbit investisiya mühiti bundan sonra da qarşılıqlı əməkdaşlığa öz töhfəsini verəcək”.

Tədbir Argentina milli rəqslərinin nümayiş etdirilməsi ilə sona çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR