Dövlət Akademik Dram Teatrının aktyorları baş direktor və rejissor təyinatlarına münasibət bildiriblər

Dövlət Akademik Dram Teatrının aktyorları baş direktor və rejissor təyinatlarına münasibət bildiriblər
# 01 sentyabr 2015 12:06 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. "Baş rejissor Azərpaşa Nemətov teatrı indiki vəziyyətdən çıxarmağa çalışacaq. Arzu edirəm ki, Azərpaşa müəllim teatrı indiki vəziyyətdən Adil İsgəndərovun, Mehdi Məmmədovun teatrı səviyyəsinə qaldırsın. Bu, bizim arzumuzdur və ona kömək göstərməyə hazırıq".

Bunu APA-ya açıqlamasında xalq artisti Ramiz Məlik bildirib.

İsrafil İsrafilovun yenidən Akademik Milli Dram Teatrınına direktor təyin olunmasına münasibət bildirən R. Məlik deyib ki, İ. İsrafilov teatrı çox gözəl bilən şəxsdir: "Bu təyinat da çox gözəldir. Bütün kollektivlə əl-ələ verib teatrı yüksək səviyyəyə qaldıra bilərik. Biz ölkə başçısına müraciət etməklə heç kimi vəzifəsindən azad etdirmək istəmirdik. Əsas odur, teatrı hazırkı vəziyyətdən çıxarmaq mümkün olsun”.

Xalq artisti Nurəddin Mehdixanlı da baş rejissor təyin olunan Azərpaşa Nemətovla Milli Dram Teatrının kollektivinin problemi olmadığını qeyd edib. Onun sözlərinə görə, kollektivi təqdimat tədbirinin forması qane etməyib: “Bu bizim üçün xoş olmadı. Kollektivdən gizli, üç-beş nəfərin arasında təqdimat olub. Bunu təqdimatda iştirak edən səlahiyyətli nümayəndəyə yaraşdırmırıq. Əslində Azərpaşa Nemətov kimi böyük rejissorun təqdimatının o şəkildə keçirilməsi ona hörmətsizlikdir. Kollektivin önündə olsaydı, biz də təbrik edərdik, sözümüzü deyərdik. Təbii ki, milli teatr baş rejissorsuz olmamalı idi. Bu səhv düzəldildi. Əlbəttə, kimləri təyin edib, kimləri vəzifədən çıxarmaq bizim mədəniyyət və turizm nazirimiz hörmətli Əbülfəs Qarayevdən asılı olan məsələdir. Amma bütün bunları kollektivə sayğı göstərməklə edərlər. O ki qaldı İsrafil İsrafilovun yenidən direktor təyin olunmağına, onun haqqında fikrimizi cənab prezidentə bildirmişik. O, Milli Dram teatrının bütün mənalarda çökdürüb”.

N. Mehdixanlı əlavə edib ki, ölkə başçısına edilən müraciətin nəticəsiz qalmayacağına ümid edir: “Mənim İsrafil İsrafilovla şəxsi mənada heç bir ədavətim yoxdur. Amma deməliyəm ki, bundan sonra İsrafil İsrafilovun teatrda görə biləcəyi iş yoxdur”.

Xalq artisti Firəngiz Mütəllimova APA-ya açıqlamasında həmkarları ilə həmrəy olduğunu vurğulayıb. O, Azərpaşa Nemətovun baş rejissor vəzifəsinə təyin olunmasını müsbət qarşıladığını açıqlayıb: “Azərpaşa müəllim gözəl insandır, istedadlı rejissordur. Biz istedadlı insanlardan qorxub-çəkinmirik. O, ən azından gözümüzün içinə baxıb bizi aldatmır. Mən necə xalq artistiyəm ki, beş ildə bir dəfə olsun dövlət sifarişi ilə olan tamaşada rol almamışam. Səhhətimlə bağlı İsrafil İsrafilova təzminat davası açacağam. Ailəm də, iş yoldaşlarım da şahiddir ki, direktor beş il məni aldadıb. Saatlarla oturub danışmışıq, amma nəticəsi olmayıb. Azərpaşa müəllimlə görüşüb danışacağam. Onun təqdimatı ancaq Bədii Şura üzvlərinin iştirakı ilə olub. Bədii Şura da ancaq İsrafil müəllimin öz ətrafıdır”.

F. Mütəllimova əlavə edib ki, teatrda baş verən son hadisələr Yuğ Teatrı ilə Akademik Milli Dram Teatrının kollektivini üz-üzə qoyub: “Biz onlara həmişə hörmət etmişik, amma son vaxtlar Yuğ Teatrının kollektivi ilə də münasibətimiz korlanıb. Bizi bir-birimizə qarşı qoymasınlar”.

Əməkdar artist Sənubər İsgəndərli də baş rejissor təyinatından məmnun qalıb. Əməkdar artist qeyd edib ki, son illərdə sözügedən teatrda baş verən narazılıqların səbəbi teatrın baş rejissorsuz qalması olub: “Biz istəməzdik bu problemlərlə bağlı cənab prezidentə müraciət edək, amma məcburiyyət qarşısında qaldıq. Çünki teatrımız dağılırdı. Azərpaşa müəllimdən çox böyük gözləntilərim var”.

Qeyd edək ki, avqustun 31-də Dövlət Akademik Dram Teatrının bir qrup aktyoru Azərbaycan prezidentinə müraciət edib. Eyni gündə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin iştirakı ilə teatrın rəhbərliyi və Bədii Şura üzvlərinin iştirakı ilə iclas keçirilib. İclasın nəticəsi olaraq Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovla müqavilə yenilənərək o, növbəti dəfə teatrın direktoru, xalq artisti Azərpaşa Nemətov isə bədii rəhbəri - baş rejissor təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR