Əmək müqaviləsi bağlamayan tikinti şirkətinə qarşı cinayət işi başlanıb

Əmək müqaviləsi bağlamayan tikinti şirkətinə qarşı cinayət işi başlanıb
# 02 avqust 2012 15:58 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Vergilər Nazirliyinin keçirdiyi tədbirlər nəticəsində əməkdaşları ilə əmək müqaviləsi bağlamadığı aşkar edilən “Atlanta” Mənzil-Tikinti Kooperativinə qarşı cinayət işi başlanıb.

Vergilər Nazirliyindən «APA-Economics»ə verilən məlumatda bildirilir ki, son illər ölkə iqtisadiyyatının inkişafı, əhalinin həyat səviyyəsinin və gəlirlərinin yüksəlməsinə baxmayaraq, bir sıra hallarda vergi ödəyiciləri və ya işəgötürənlər vergi və ödənişlərdən yayınmaq məqsədilə qanunvericiliyin tələblərini pozaraq işçilərlə əmək müqavilələri bağlamır, iş yerlərini rəsmiləşdirmirlər. Bəzi hallarda isə işəgötürənlər işçilərlə əmək müqavilələri əvəzinə mülki-hüquqi xarakterli xidmət müqavilələri bağlayır və ya onlara verilən əmək haqlarının az bir hissəsini sənədləşdirirlər ki, bu da vergi öhdəliklərini və sosial sığorta ayırmalarını minimuma endirir. Nəticədə işçilərin hüquqları tapdalanır, onların gələcək sosial təminatı təhlükə altında qoyulur və gəlir vergisi üzrə vergitutma bazası azalır.

Qeyd edək ki, belə hallar Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclasında da müzakirə edilib və gəlir vergisi üzrə vergitutma bazasının leqallaşdırılması istiqamətində vergi orqanlarının üzərinə konkret vəzifələr qoyulub. Bu tapşırıqların icrası, vergidən yayınma hallarının, əlavə vergi potensialının müəyyən edilməsi məqsədilə işçi saylarının və iş yerlərinin düzgün rəsmiləşdirilməsinin təmin olunması məqsədilə vergilər nazirinin 18 iyul 2012-ci il tarixli əmri ilə “İşəgötürənlər tərəfindən iş yerlərinin rəsmiləşdirilməməsi hallarının qarşısının alınması istiqamətində görüləcək işlərə dair” Tədbirlər Planı təsdiq olunub və bu sahəyə çevik nəzarətin təmin edilməsi üçün Vergilər Nazirliyində Qərargah yaradılıb.

Nəzərdə tutulmuş tədbirlər çərçivəsində işçilərlə qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək müqavilələrinin (kontraktının) bağlanılmaması meyarı üzrə riskli vergi ödəyiciləri seçilib və Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə onlardan birində, “Atlanta” Mənzil-Tikinti Kooperativində müvafiq vergi nəzarəti tədbirləri keçirilib.

Bakı şəhərinin Günəşli qəsəbəsində 2 çoxmərtəbəli yaşayış binası inşa edən “Atlanta” Mənzil-Tikinti Kooperativində keçirilmiş kompleks tədbirlər nəticəsində Vergilər Nazirliyinin çoxsaylı xəbərdarlıqlarına baxmayaraq, MTK-nın rəhbərliyi tərəfindən 60 nəfər fiziki şəxsin Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) bağlamadan müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi, bununla da onların gəlirlərinin gizlədildiyi aşkarlanıb. Əmək müqaviləsi bağlanılmayan işçilərdən və MTK-nın rəhbərliyindən alınmış izahatlardan aydın olub ki, həmin fəhlələrin MTK-da 6-7, hətta 8 aydan çox çalışmasına baxmayaraq, onların heç biri ilə əmək müqavilələri (kontraktları) bağlanılmayıb və sənədləşdirmə işləri aparılmayıb.

Faktla bağlı materiallar Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə cinayət işinin başlanması üçün Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə təqdim edilib. Vergilər Nazirliyi bir daha xəbərdarlıq edir ki, işçilərin əmək müqaviləsi olmadan işlərin görülməsinə cəlb edilməsi hallarının qarşısı gələcəkdə də qətiyyətlə alınacaq, intizamsız vergi ödəyicilərinə qarşı qanunda nəzərdə tutulan ən sərt tədbirlər görüləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR