Azərbaycanda ilk regional radiostansiyanın açılması üçün elan edilən müsabiqəyə bir iddiaçı sənəd verib

Azərbaycanda ilk regional radiostansiyanın açılması üçün elan edilən müsabiqəyə bir iddiaçı sənəd verib
# 06 noyabr 2012 13:00 (UTC +04:00)
Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. Onun sözlərinə görə, müsabiqənin başa çatmasına hələ vaxt qaldığından yeni iddiaçıların da müsabiqəyə qoşulacağı istisna deyil: “Müsabiqə başa çatanda bir iddiaçı olduğu təqdirdə bu məsələyə baxılmayacaq. İki iddiaçı olsa, artıq bu məsələyə baxılacaq.
Qanunvericiliyə əsasən, müsabiqəyə birinci ay ərzində yalnız bir iddiaçı sənəd veribsə, tender daha bir ay uzadılmalıdır. Həmin bir ay müddətində də əlavə heç kim sənəd verməsə, o bir iddiaçının müraciətinə baxılacaq”.

Qeyd edək ki, Azərbaycanda Gəncə və ətraf ərazilərdə radio üzrə 93.3 MHz işçi tezliyinə müsabiqə bu ilin oktyabrın 22-dən noyabrın 22-dək elan olunub. Müsabiqədə Azərbaycan Respublikası vətəndaşı olmayan şəxslər, nizamnamə kapitalında xarici fiziki və ya hüquqi şəxsin payı olan hüquqi şəxslər, ağır və ya xüsusi ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edilmiş, habelə məhkumluğu ödənilməmiş şəxslər, fəaliyyət qabiliyyətsizliyi, yaxud fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması məhkəmə tərəfindən təsdiq edilmiş şəxslər, siyasi partiyalar, dini qurumlar iştirak edə bilməzlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR