Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılan "IDEA Yaşıl Azərbaycan naminə" layihəsi başa çatıb - FOTOSESSİYA

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılan "IDEA Yaşıl Azərbaycan naminə" layihəsi başa çatıb - <font color=red>FOTOSESSİYA</font>
# 24 oktyabr 2012 12:52 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu gün keçirilən mətbuat konfransında “Yaşıl Azərbaycan naminə" layihəsinin əlaqələndiricisi Surxay Novruzov bildirib ki, bu ilin 24 sentyabr tarixində başlamış layihə 4 həftə davam edib. Əvvəlcədən nəzərdə tutulduğu kimi 4 istiqamət üzrə səfər edən yaşıl təlimçilər hər həftə 5 rayonda təlim keçərək, Azərbaycanın 20 rayon və şəhərində ümumilikdə 40 məktəbdə seminarlar təşkil ediblər. Yaşıl təlimçilər Şamaxı şəhərindəki orta məktəblərdən başlayaraq layihəni Şəki şəhərində yekunlaşdırıblar: “Ümumi şagird auditoriyası 7500-dən çox olan təlimçilərimiz hər məktəbdə şagirdlərə buklet, qələm, dəftər və digər vəsaitlər paylayıblar. Hər məktəbdə keçirilən təqdimatlarda şagirdlərin fəal iştirakı ilə qarşılaşan təlimçilər interaktiv oyun və əyani vəsaitlərdən istifadə etməklə onlarda meşə, su, tullantılar mövzuları ilə bağlı biliklərin daha da inkişaf etdirilməsinə çalışıblar. İkinci həftə qərb regionunda olan təmsilçilər tərəfindən 10 məktəbdə 6, 7 və 8-ci sinif şagirdləri ilə bəşəriyyəti narahat edən və əsas ekoloji mövzulardan müzakirələr təşkil edilib, məşğələlər keçirilib. Üçüncü həftə əsasən Aran rayonlarında olan könüllü təlimçilərimiz tədris olunan mövzularla yanaşı, regionun lokal ekoloji problemləri haqqında şagirdlər arasında sorğu-sual təşkil ediblər".

IDEA kampaniyasının layihələr üzrə meneceri Ramiz Babayev isə bildirib ki, layihənin məqsədi orta məktəb şagirdlərinin ekoloji biliklərə yiyələnməsi və həmin bilikləri tətbiq etməsi olub. "Bu gün məktəbdə oxuyan şagird gələcəkdə ali təhsil müəssisəsində oxuyacaq, sonra ixtisaslı kadr olacaq. İnsanların uşaq vaxtlarından ekoloji maarifləndirilməsinin aparılmasının isə xüsusi əhəmiyyəti var". Tədbirin sonunda "Yaşıl Azərbaycan naminə" layihəsinin fəallarına hədiyyələr təqdim olunub.

Qeyd edək ki, hazırda IDEA Beynəlxalq Ekoloji Kampaniyasının Moskva və Vilnüs şəhərlərində nümayəndəlikləri fəaliyyət göstərir, yaxında isə IDEA İstanbulda da nümayəndəliyini açmağı planlaşdırır. Gələn ay isə Kampaniya tərəfindən Azərbaycanda və Qafqazda ilk dəfə olaraq “yaşıl həftə” keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR