Cəlil Cəfərov: “Bir neçə transferimizi itirə bilərdik”

Cəlil Cəfərov: “Bir neçə transferimizi itirə bilərdik”
# 31 iyul 2012 11:43 (UTC +04:00)
Bakı – APA. “Komandamız hər yeni mövsüm öncəsi qarşıya qoyduğu məqsədi artırır və bu iddiasına uyğun inkişaf edir. Bu il də əsas məqsədimiz Çempionlar Liqasının qalibi olmaqdır”. Apasport.az saytının məlumatına görə, bunu “Rabitə”nin prezidenti Cəlil Cəfərov deyib.

O, bu gün yeni baş məşqçiləri Marçello Abbondanzanın təqdimetmə mərasimində klubun hədəflərini açıqlayıb. Cəfərov öncə transferlər barədə danışıb: “Demək olar ki, hər il komandanın tərkibini özümüz seçirik. Bunu elə edirik ki, baş məşqçi də bəyənir. Bəzi voleybolçuların transfer qiyməti süni şəkildə artırılır. Əgər sözləşməni vaxtında edə bilməsəydik, bir neçə transferimizi itirə bilərdik. Artıq komanda komplektləşib. Sonradan 1-2 voleybolçu almağımız qalırdı ki, bunu da Abbondanza ilə razılaşdıq və o da heyətə görə bizi dəstəklədiyini bildirdi. Qarşıda 1 transferimiz qalıb. Bu ola da bilər, olmaya da”.

Cəfərov klubun Azərbaycanda voleybolun inkişafına, gələcək üçün oyunçu yetişdirməklə bağlı planlarını həyata keçirdiklərini də deyib. O bildirib ki, “Rabitə” artıq bununla bağlı işləri həyata keçirməyə başlayıb: “Dünya çempionu olduqdan sonra prezident İlham Əliyev bizi qəbul etdi və komandaya mükafat ayırdı. Fəxr edirik ki, klub böyük məbləğlə mükafatlandırdı. Biz bunun bir hissəsini ötən ilki heyətə, digər hissəsini isə yeni gənc nəslin inkişafına yönəltmişik. Artıq yeni komandamız formalaşır. Oraya çox gənc və perspektivli voleybolçular cəmləşib. Düzdür, onlar arasında əcnəbilər də var. Lakin onlar millimizdə də oynamağa hazırdırlar. Məqsədimiz də gələcəkdə yığmaya layiqli oyunçular yetişdirmək, kömək etməkdir. Bu voleybolçularla vaxtı ilə Azərbaycan yığmasına ulduz - Yelena Şabovtanı yetişdirmiş ukraynalı Viktor Perebiynos kimi mütəxəssis məşğul olur. Əsas planlarımız növbəti 2 ilə hesablanıb. Bundan sonra həmin gənclər yüksək səviyyədə olacaqlar. Ümid edirik ki, bu həm klubumuza, həm də yığmamıza xeyir verəcək”.

Klub prezidenti komandanın kapitanı Natalya Məmmədovanın gedişindən sonra bu vəzifənin hələ boş qaldığını deyib. Onun sözlərinə görə, son 3 mövsümdə Bakı təmsilçisinin şərəfini qoruyan Mira Qoluboviçə kapitan sarğısının verilməsi mümkündür: “Lakin bu məsələ baş məşqçi ilə məsləhətləşdikdən sonra rəsmiləşəcək”.

Cəlilov dünya çempionatının da gərgin keçəcəyini bildirib: “Ötən il bəzi komandaların əsas oyunçuları millilərinin heyətində olduqlarından bir qədər zəif görünürdülər. Lakin bu il mundial çox çətin olacaq. Buna baxmayaraq, “Rabitə” bütün yarışlarda birinci olmağı hədəfləyib. Çempionlar Liqasında və Super Liqada da əsas məqsədimiz budur”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR