Baş pediatr: “Şagirdlərdə mantudan sonra yaranan əlamətlərin sınağın aparıldığı preparatla əlaqəsi yoxdur”

Baş pediatr: “Şagirdlərdə mantudan sonra yaranan əlamətlərin sınağın aparıldığı preparatla əlaqəsi yoxdur”
# 17 oktyabr 2012 15:05 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. “Araşdırmalar nəticəsində məlum oldu ki, şagirdlərə mantu sınağının vurulmasından sonra yaranan əlamətlərin sınağın aparıldığı preparat və inyeksiya ilə əlaqəsi yoxdur”. Bunu APA-ya açıqlamasında Azərbaycanın baş pediatrı Nəsib Quliyev deyib.

Onun sözlərinə görə, mantu sınağı qoyulduqdan sonra halı pisləşən 245 saylı orta məktəbin 9-cu sinif şagirdlərinin inyeksiyadan əvvəl ac olmaları onlara pis təsir edib: “Bu gün mantu sınağı aparılarkən 4-5 nəfər şagirddə baş gicəllənmə, ürək bulanma halı müşahidə edilib. Şagirdlər təcili tibbi yardım maşınları ilə 6 saylı uşaq xəstəxanasına gətirilib. Həmin şagirdlərdən üçü 14 yaşlı qız uşağıdır və onlar məktəbə acqarına gəliblər. Onlar dörd dərsdən sonra sınaq qoyulan zaman özlərini pis hiss ediblər. Digər şagird isə 14 yaşlı oğlan uşağıdır və onda isterik nevroz mövcuddur. O da sınaq qoyulan zaman həyəcanlanıb və nevroz əlamətləri üzə çıxıb, qan təzyiqi yüksəlib. Şagirdlərə saat yarım ərzində tibbi yadım göstərilib və evə buraxılıblar”.

N.Quliyev bildirib ki, bu cür sınaqlar aparılarkən uşaqların qida qəbul edib-etmədiyi müəyyənləşdirilir. Bu gün 245 saylı orta məktəbdə sınağı həyata keçirən həkimlər də şagirdlərin ac olub olmaması ilə maraqlanıblar: “Amma qızlar həkimlərə yalandan tox olduqlarını deyiblər. Nə üçün belə dediklərini öyrəndikdə isə dedilər ki, qorxduq ki, anamız səhər yemək yemədiyimizi bilər”.

Baş pediatrın sözlərinə görə, həkimlərə bir daha xəbərdarlıq edilib ki, inyeksiyadan əvvəl şagirdlərin qida qəbul edib-etmədiyini dəqiqləşdirsinlər, ac şagirdlər qida qəbulundan sonra mantu olunsunlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR