Sabah Azərbaycanda beynəlxalq İKT sərgisi başlayır

Sabah Azərbaycanda beynəlxalq İKT sərgisi başlayır
# 05 noyabr 2012 13:20 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə bu gün «BakuTel-2012» sərgisinə dair keçirilən mətbuat konfransında çıxış edən sərginin meneceri xanım Rəna Abutalıbova bildirib.

R.Abutalıbovanın sözlərinə görə, sərgidə Azərbaycan, ABŞ, Böyük Britaniya, İran, Çin, Koreya, Malayziya, Rusiya, Sloveniya, Ukrayna, Estoniya və ümumilikdə 23 ölkədən 160 şirkət iştirak edəcək ki, bunların 40%-i xarici, digərləri isə yerli şirkətlərdir. Avstriya, Kanada, Xorvatiya və Fransa isə sərgidə milli pavilyonları ilə çıxış edəcək.

«Sərgidə yeni İKT məhsullarının təqdimat mərasimlərinin keçiriləcəyi də planlaşdırılır. Belə ki, tədbirdə proqram təminatları, peyk rabitəsi üçün servis avadanlıqları, teleradioyayım avadanlıqları və texnologiyaları, kabel televiziyası xidmətləri, mobil texnologiyalar, radiostansiyalar və radiorabitə qurğuları və s. nümayiş olunacaq», - deyə R.Abutalıbova bildirib.

Bununla yanaşı, müxtəlif mobil rabitə operatorlarının nömrələrinin keçirilməsi - «Daşınan nömrələr» layihəsi, təyyarələrdə mobil rabitə üçün yeni həll variantları kimi yeniliklər də nümayiş etdiriləcək.

Mətbuat konfransında çıxış edən Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə «BakuTel-2012» sərgisinin əhəmiyyətindən danışıb və bildirib ki, analoji tədbirlə Azərbaycanın İKT sektorunun bütövlükdə inkişafında vacib rol oynayır.

Nazir müavini onu da qeyd edib ki, «BakuTel-2012» çərçivəsində İnternet İdarəçilik Forumu (Internet Governance Forum) da təşkil olunacaq: «Sözügedən forum qlobal internet şəbəkəsinin dayanıqlı inkişafı və təhlükəsizliyinin təmin olunması funksiyasını yerinə yetirir və gələcəkdə internetin beynəlxalq idarə edilməsi prinsiplərini formalaşdırır».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR