Dövlət Baytarlıq Xidməti: Rusiyanın Altay vilayətində qarayara xəstəliyinin yayılması Azərbaycan üçün təhlükə yaratmır

Dövlət Baytarlıq Xidməti: Rusiyanın Altay vilayətində qarayara xəstəliyinin yayılması Azərbaycan üçün təhlükə yaratmır
# 28 avqust 2012 10:06 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) Rusiyanın Altay vilayətində yayılan qarayara xəstəliyinin Azərbaycan üçün təhlükə yaratmadığını açıqlayıb. DBX-nin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli APA-ya açıqlamasında deyib ki, hazırda Azərbaycanda epizootik vəziyyət sabitdir və bu bölgədən Azərbaycana hər hansı heyvan gətirilmir: “Bu il ərzində Azərbaycanda yalnız Qax rayonunun bir kəndində bir iribuynuzlu heyvanda bu xəstəlik aşkar olunmuşdu. Bu hal dərhal aşkarlandı. Həmin heyvan zərərsizləşdirilərək məhv edildi və bu haqda Beynəlxalq Epizootik Büroya məlumat verildi”.

Y. Xanvəli deyib ki, hazırda DBX tərəfindən cavan heyvanların revaksinasiyası (təkrar peyvəndləmə) aparılır. Ümumilikdə bu ilin 7 ayı ərzində ölkədə 2 444965 baş iribuynuzlu, 7 326944 baş xırdabuynuzlu, 106816 baş təkdırnaqlı heyvanın qarayaraya görə vaksinasiyası aparılıb.

Qeyd edək ki, Rusiyanın Altay vilayətində iki kənddə qarayara xəstəliyi yayılıb, 13 nəfər bu xəstəliyə yoluxma ehtimalı ilə xəstəxanaya yerləşdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR