“Neftçi” sabah Avropa Liqasında ikinci görüşünə çıxacaq

“Neftçi” sabah Avropa Liqasında ikinci görüşünə çıxacaq
# 03 oktyabr 2012 11:26 (UTC +04:00)
Bakı – APA. Avropa Liqasında mübarizə aparan “Neftçi” sabah ikinci görüşünə çıxacaq. Apasport.az saytının məlumatına görə, ilk turda Belqradda “Partizan”la qolsuz bərabərliyə qalan “ağ-qaralar” bu dəfə evdə oynasa da, daha ciddi sınaq qarşısındadır. Çünki rəqib 2 il öncə Çempionlar Liqasının qalibi olan məşhur İtaliya “İnter”idir.

İndiyədək avrokuboklarda “Böyük beşlik” təmsilçilərindən bizə hazırda Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparan “Monpelye” (Fransa) və “Borussiya” (Dortmund) rəqib olub. Sözsüz ki, Milan klubu “Qarabağ”la qarşılaşmış bu komandalarla müqayisədə daha məşhurdur. Bununla, ölkəmiz ilk dəfə belə güclü klubu qonaq edəcək.

Düzdür, “İnter” üçün cari mövsüm hələlik elə də uğurlu başlamayıb. Bir sıra xal itkilərinə məruz qalan “Neradzura” Avroliqanın I turunda “Rubin”lə oyunda heç-heçə etdi. Özü də italiyalılar 2 dəfə hesabda geridə olduğu matçda məğlubiyyətdən son anda qaça bildilər.

36 yaşlı Andrea Stramaççonin çalışdırdığı komanda son 2 turda qazandığı qələbələrlə öz sözünü dedi. İndi “İnter”i növbəti turda – oktyabrın 7-də “Milan”la derbi matç gözləyir. Bunadək ölkəmizə səfər etməli olan komanda həmşəhərliləri ilə prinsipial oyuna bir sıra əsas futbolçular qorumaq fikrindədir.

İstənilən halda, bu, “Neftçi” üçün tarixi oyun, tarixi şansdır. Yəni, belə rəqiblə oyunda uğurlu nəticə tarixə düşəcək və çempionumuz qrup mərhələsində çıxışı ilə diqqəti yenidən özünə cəlb edəcək. Yer aldığımız H qrupunda vəziyyət elədir ki, ilk turdakı oyunlar heç-heçə nəticələndiyindən, bütün komandalar 1 xala malikdi. “İnter”in Avroliqadan daha çox A seriyasını düşünməyi isə “ağ-qaralar”ın rəqibini cəzalandırmağa imkan verir.

“Neftçi” – “İnter” oyununda böyük anşlaq olacaq. Azarkeşlərimizin yeniləşən “Tofiq Bəhramov”u dolduracağı şübhə doğurmur. Təbii ki, bu, komandamıza əlavə güc verəcək və belə güclü azarkeş dəstəyi altında yaxşı oynayıb, onları sevindirmək üçün bir stimul olacaq. Həm də bu, Azərbaycan klublarının qrup mərhələsində ilk ev oyunu kimi tarixə düşdüyündən, mərkəzi arenanızda əsl bayram ab-havası yaşanacaq.

“İnter”in heyətində bir sıra problemlərin olduğu əvvəldən məlumdur. Komandanın əsas oyun qurucusu hollandiyalı yarımmüdafiəçi Uesli Sneyder zədə üzündən bir müddətlik kənarda qalıb. Eyni sözləri rumıniyalı müdafiəçi Kristian Kivu ilə argentinalı hücumçu Rodriqo Palasio haqda demək olar.

Komandanın bombardiri olan argentinalı hücumçu Dieqo Milito, eləcə də Xavyer Zanettinin Bakıya gətirilməyəcəyi, İtaliya yığmasının üzvü olan Antonio Kassano isə matça ehtiyatdan başlayaraq, ehtiyac olarsa meydana buraxılacağı açıqlanıb. Göründüyü kimi, Milan klubunda xüsusilə ön xətdə itkilər ciddidir. “Neftçi”də isə zədəlilər Bruno Bertuççu ilə Cavid İmamverdiyev sıraya dönüb, Serbiyadakı oyunda diskvalifikasiyalı olan Elvin Yunuszadə cəzasını bitirib. Onun yenidən təcrübəli İqor Mitreski ilə birgə müdafiənin mərkəzində yer alacağı gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR