«Azercell» şəbəkə daxilində yığım qaydalarını dəyişib

«Azercell» şəbəkə daxilində yığım qaydalarını dəyişib
# 01 oktyabr 2012 06:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telekom» şirkəti şəbəkə daxilində yığım qaydalarını dəyişib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, oktyabrın 1-dən etibarən digər «Azercell» nömrəsinə zəng edən abonentlər nömrənin əvvəlində mütləq 050/051 prefiksini yığmalıdırlar. Yəni, zəng edərkən 050 + 7 rəqəmli nömrə və ya 051 + 7 rəqəmli nömrə kimi yığım aparılmalıdır. Həm zəng, həm SMS/MMS, həm də digər xidmətlərdən istifadə edilərkən bu qaydaya əməl olunmalıdır.

«Azercell» 1 ay müddətində abonentlərin yeni qaydaya alışmasına yardım edəcək. Belə ki, oktyabrın 1-dən etibarən abonent müvafiq yığım qaydasına riayət etmədən zəng edərsə, onda xəbərdarlıq anonsu səslənəcək, lakin yığılan nömrə ilə bağlantı mümkün olacaq.

Noyabrın 1-dən etibarən isə müvafiq yığım qaydasına riayət etmədən zəng edilərsə, xəbərdarlıq anonsu səslənəcək, lakin bağlantı artıq yaradılmayacaq. Həmçinin, nömrənin əvvəlində prefiks yığılmadıqda SMS/MMS göndərilməsi və digər xidmətlərin istifadəsi mümkün olmayacaq: «Odur ki, bundan sonra telefonun yaddaşında saxladığınız «Azercell» abunəçilərinin nömrələrinin əvvəlinə müvafiq prefiksi yazmağı da unutmayın».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR