Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının XVI hesabat-seçki konfransı keçirilir

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının XVI hesabat-seçki konfransı keçirilir
# 10 oktyabr 2012 09:00 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Bu gün Bakıda Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) XVI hesabat-seçki konfransı keçirilir. APA-nın məlumatına görə, konfransda millət vəkilləri, universitet rektorları və xarici qonaqlar iştirak edir. Tədbirdə çıxış edən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar ittifaqı Respublika Komitəsinin (ATİAHİK) sədri Səttar Mehbalıyev təşkilatın fəaliyyətindən danışıb. O, qeyd edib ki, ittifaqın 380 mindən çox üzvü var və qurum üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsində duran ən böyük ictimai təşkilatlardan biridir.

S.Mehbalıyevin sözlərinə görə, 2006-2012-ci illəri əhatə edən hesabat dövründə bu istiqamətdə bir sıra işlər görülüb: “Həmin illərdə 17276 ədəd sanatoriya və ailəvi istirahət evlərinə yollayış almış 24301 nəfər ittifaq üzvünün özünün və ailə üzvlərinin istirahəti və müalicəsi təşkil edilib. Həmçinin ittifaqın nəzdində fəaliyyət göstərən 2 istirahət düşərgəsində 7500 məktəblinin istirahəti təşkil olunub. Yollayışlar ittifaq üzlərinə tam dəyərinin 15 faizini ödəmək şərti ilə verilib ”.

Komitə sədri deyib ki, Nabran istirahət zonasında 2008-ci ildə tikintisinə başlanılan “Təhsil” istirahət kompleksinin inşası artıq yekunlaşmaq üzrədir.

S.Mehbalıyev qeyd edib ki, Azərbaycanın təhsil müəssisələrində çalışan müəllimlərin yarıdan çoxunu qadınlar təşkil edir. 320 min nəfər müəllimin 219 min nəfərinin qadınlar olduğunu deyən komitə sədrinin sözlərinə görə, hər il bölgələrdə gender məsələləri ilə bağlı seminarlar keçirilir.

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev deyib ki, ittifaq ölkədə ən böyük sahə həmkarlar ittifaqı kimi fəaliyyət göstərir. Təşkilat cəmiyyətin sağlamlaşdırılmasında, pedaqoji dəyərlərə yiyələnməsində və gələcək nəslin tərbiyəsində strateji məqsədlərin keşiyində durur.

Konfransda ATİAHİ-nin Təftiş Komissiyasının hesabatı dinlənilib. Məruzə ətrafında çıxışlardan sonra təşkilatın rəhbər orqanları seçilib. Həmçinin ölkə prezidentinə müraciət qəbul olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR