Azərbaycanda qiymətli kağızlarla bağlı yeni qanun layihəsi hazırlanıb

Azərbaycanda qiymətli kağızlarla bağlı yeni qanun layihəsi hazırlanıb
# 05 oktyabr 2012 09:54 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı bildirib. Onun sözlərinə görə, qanun layihəsi hazırlanaraq artıq müvafiq hökumət strukturlarının müzakirəsinə təqdim olunub.

«Bu qanun layihəsi ölkənin qiymətli kağızlar bazarına kifayət qədər köklü yeniliklər gətirəcək. İlk növbədə qiymətli kağız anlayışının özü kifayət qədər genişləndirilib və qiymətli kağızlar artıq yeni qanun layihəsində iqtisadi münasibətləri əks etdirən bir müqavilə kimi də nəzərdə tutulub. Bu, artıq qiymətli kağızların həm emitenti, həm də gələcəkdə onu alan investor üçün daha geniş hüquq və vəzifələr nəzərdə tutur. Əvvəla, qiymətli kağızlar bazarının ticarəti və bundan sonra hesablaşmaların tamamilə yeni bazar arxitekturası nəzərdə tutulur. Burada qiymətli kağızların iki yaruslu depozitar saxlanc sistemi üçün hüquqi zəmin yaradılır. Qiymətli kağızlar bazarında peşəkar iştirakçıların statusu, funksiyaları və mahiyyətində əhəmiyyətli dərəcədə yeniliklər planlaşdırılır», - deyə R.Aslanlı bildirib.

Komitə sədri vurğulayıb ki, hazırkı qanunvericiliyə görə, broker, diler və aktivləri idarə edən şirkətlərin fəaliyyəti üçün tənzimlənmə bazası mövcuddur. Yeni qanun layihəsində isə investisiya şirkətləri institutunun da nəzərdə tutulması gözlənilir. «Bu şirkətlər əməliyyat və proseduralarına görə müxtəlif kateqoriyalara bölünəcək. Eləcə də daşıdıqları risklərə uyğun olaraq onlara qarşı fərqli kapital və digər prudensial tələblər qoyulacaq. Nəhayət, yeni qanun layihəsində investorların hüquqları, maliyyə şəffaflığı və açıqlanan məlumatlara dair daha dəqiq anlaşılan və mütərəqqi tələblər müəyyən ediləcək», - deyə R.Aslanlı bildirib.

Komitə sədri yeni qanun layihəsinin parlament tərəfindən gələn il qəbul olunacağına ümid edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR