Bakıda “Həmkarlar İttifaqları və gənclərin məşğulluğu: qlobal çağırışlar və yeni yanaşma” mövzusunda subregional konfrans keçirilir

Bakıda “Həmkarlar İttifaqları və gənclərin məşğulluğu: qlobal çağırışlar və yeni yanaşma” mövzusunda subregional konfrans keçirilir
# 31 iyul 2012 10:26 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) və Pan-Avropa Regional Şurasının (PARŞ) təşkilatçılığı ilə “Həmkarlar İttifaqları və gənclərin məşğulluğu: qlobal çağırışlar və yeni yanaşma” mövzusunda subregional konfrans keçirilir. APA-nın məlumatına görə, AHİK sədri Səttar Mehbaliyev, PARŞ gənclər şurasının sədri Tuğba Balçı, Beynəlxalq Əmək Təşkilatının Əməkçilərin Fəaliyyətləri bürosunun baş iqtisadçısı Məhəmməd Mvamodzinqo çıxış edərək gənclərin məşğulluğuna dair həmkarlar ittifaqlarının fəaliyyətindən danışıblar. Tədbirdə iştirak edən Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Belçika, Bosniya və Hersoqovina, Bolqarıstan, Macarıstan, Qazaxıstan, Litva və Moldovadan olan milli həmkarlar ittifaqlarının gənc liderləri bu sahədə mövcud problemlərlə bağlı çıxış ediblər.

Panellərdə davam etdirilən tədbirdə “Gənclərin məşğulluğuna dair qlobal çağırışlar və həmkarlar ittifaqlarının yanaşması”, “Milli çağırış və yanaşmalar”, “Kommunikasiyaya dair strategiya və bərpa olunmanın konsepsiyası” və digər mövzular ətrafında müzakirələr aparılıb.

İki gün davam edəcək tədbirin sonunda gənclərin məşğulluğu istiqamətində fəaliyyət göstərən həmkarlar təşkilatlarının fəaliyyətinin koordinasiya olunmasına dair razılıq əldə olunacaq.

Qeyd edək ki, PARŞ 2007-ci ilin martında təsis edilib. Hazırda qurumun 87 milli həmkarlar mərkəzi, 85 milyon üzvü var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR