Bakıda beynəlxalq İKT sərgisi başlayıb

Bakıda beynəlxalq İKT sərgisi başlayıb
# 06 noyabr 2012 06:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Britaniyanın «ITE Group» şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı olan «Iteca Caspian» şirkətinin təşkilatçılığı ilə Bakıda XVIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi («BakuTel-2012») işə başlayıb. Azərbaycan prezidenti İlham Əliyev sərginin rəsmi açılış mərasimində iştirak etmək məqsədi ilə «Bakı Ekspo Mərkəzi»nə gəlib. Hazırda dövlət başçısı sərgidə iştirak edən şirkət və təşkilatların nümayiş etdirdiyi mal və məhsullarla tanış olur.

«APA-Economics»in məlumatına görə, sərgidə Azərbaycan, ABŞ, Böyük Britaniya, İran, Çin, Koreya, Malayziya, Rusiya, Sloveniya, Ukrayna, Estoniya və ümumilikdə 23 ölkədən 160 şirkət iştirak edir ki, bunların 40%-i xarici, digərləri isə yerli şirkətlərdir. Avstriya, Kanada, Xorvatiya və Fransa isə sərgidə milli pavilyonları ilə çıxış edir.

Sərgidə yeni İKT məhsullarının təqdimat mərasimlərinin keçiriləcəyi də planlaşdırılıb. Belə ki, tədbirdə proqram təminatları, peyk rabitəsi üçün servis, teleradioyayım avadanlıqları və texnologiyaları, kabel televiziyası xidmətləri, mobil texnologiyalar, radiostansiyalar və radiorabitə qurğuları və s. nümayiş olunur.

Bununla yanaşı, müxtəlif mobil rabitə operatorlarının nömrələrinin keçirilməsi -«Daşınan nömrələr» layihəsi, təyyarələrdə mobil rabitə üçün yeni həll variantları kimi yeniliklər də nümayiş etdiriləcək. Sərgi noyabrın 9-dək davam edəcək.

Qeyd edək ki, «BakuTel-2012» çərçivəsində İnternet İdarəçilik Forumu (Internet Governance Forum) da təşkil olunub. Sözügedən forum qlobal internet şəbəkəsinin dayanıqlı inkişafı və təhlükəsizliyinin təmin olunması funksiyasını yerinə yetirir və gələcəkdə internetin beynəlxalq idarə edilməsi prinsiplərini formalaşdırır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR