Rusiya Federasiyasının Yekaterinburq şəhərində 27 Sentyabr - Anım Günü tədbiri keçirilib.
APA-nın Rusiya bürosu xəbər verir ki, Azərbaycan Respublikasının Baş konsulluğunda keçirilən tədbirdə Vətən müharibəsində ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş əsgər və zabitlərimizin xatirəsi anılıb.
Tədbir iştirakçıları əvvəlcə Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş nitqi ilə açan Azərbaycanın Yekayerinburqdakı Baş konsul vəzifəsini müvəqqəti icra edən Asim Osmanov çıxış edərək Vətən müharibəsinin tarixindən danışıb. Qeyd edib ki, Azərbaycan uzun illər beynəlxalq hüquqa və sülh prinsiplərinə sadiq qalaraq münaqişənin sülh yolu ilə həllinə çalışsa da, Ermənistan işğalçı siyasətini davam etdirib. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq, Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayıb və 44 gün davam edən müharibə nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olunub.
A.Osmanov Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi şücaətin, xalqımızın birliyinin və vətənpərvərliyinin ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsindəki əvəzsiz rolunu vurğulayıb.
Tədbirdə, Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar, Azərbaycanın təşəbbüsü ilə aparılmış sülh prosesi barədə bəhs edilərkən 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş Azərbaycan, Ermənistan və ABŞ liderlərinin görüşünün tarixi əhəmiyyəti qeyd olunub.
Dipllomat bu gün azad edilmiş ərazilərdə aparılan geniş bərpa və yenidənqurma işlərinin uğurla davam etdirildiyini söyləyib
Anım Günü tədbiri, Azərbaycan diaspor nümayəndələrinin, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) Sverdlovsk vilayəti üzrə bölməsinin üzvləri və Ural Dövlət İqtisad Universitetinin müəllimi Müşfiq Ağababayevin çıxışları ilə davam etdirilib.