Bakıda Beynəlxalq Ana dili günü qeyd olunub

Bakıda Beynəlxalq Ana dili günü qeyd olunub
# 21 fevral 2014 13:41 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün Bakıda Beynəlxalq Ana dili günü qeyd olunub. APA-nın məlumatına görə, mərasim Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya (AQAT) və BMT-nin İctimai İnformasiya Departamentinin (UN DPİ) Azərbaycandakı nümayəndəliyi ilə birgə təşkil olunub.

Tədbirdə çıxış edən AQAT-ın sədr müavini Nərgiz Xələf bildirib ki, Beynəlxalq Ana dili günü 1999-cu ilin noyabrında UNESCO-nun Baş Konfransında elan edilib: "2000-ci ilin fevral ayından etibarən hər il dilçilik və mədəni müxtəliflik, o cümlədən çoxdilliyi təbliğ etmək üçün qeyd edilir”.

Gənclər və İdman Nazirliyinin sektor üzrə şöbə müdiri Fuad Babayev isə deyib ki, Ana dilinin qorunması və təbliği qlobal vətəndaşlıq və həqiqi anlaşma üçün əsasdır: "Bir dildən daha artıq dillərdə anlamaq və danışmaq dünyamızdakı qarşılıqlı mədəni əlaqələrin zənginliyinin daha çox dərk edilməsinə gətirib çıxarır”.

AQAT-ın sədri Gülsel Səfərova isə vurğulayıb ki, bu tip tədbirlər mədəni müxtəlifliyin yayılmasına böyük dəstəkdir: “Bu gün bu mərasimi də təşkil etməkdə əsas məqsədimiz Azərbaycanda yaşayan digər millətlərlə qarşılıqlı anlayış, dözümlülük və dialoq üzərində qurulmuş həmrəyliyi inkişaf etdirməkdir".

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev də tədbirdə çıxış edib: "Azərbaycanın zəngin tolerantlıq ənənələri ölkəmizin mövqeyini birmənalı şəkildə gücləndirir. Azərbaycan bu gün beynəlxalq təşkilatlarda müxtəlif tədbirlər və təşəbbüslərlə çıxış edir. Bu tədbirlərin əksəriyyəti isə mədəniyyət və humanitar məsələlərlə bağlıdır. Bu gün Azərbaycan xarici siyasətinin əsas istiqamətlərindən biri də humanitar siyasətdir. Biz fəxr edirik ki, Azərbaycan kimi geniş potensiala malik bir ölkəni beynəlxalq aləmdə təmsil edirik".

Qeyd edək ki, tədbirdə bir sıra ölkələrin gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR