Pərviz Həşimlinin cinayət işi üzrə məhkəmə baxışı başlayıb

Pərviz Həşimlinin cinayət işi üzrə məhkəmə baxışı başlayıb
# 11 mart 2014 09:36 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Bizim yol” qəzetinin həbsdə olan əməkdaşı Pərviz Həşimlinin və onunla birgə həbs edilən Təvəkkül Qurbanovun cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

APA-nın məlumata görə, hakim Novruz Kərimovun sədrlik etdiyi prosesdə təqsirləndirilən

Pərviz Həşimli ötən iclaslarını protokolları ilə tanış olmaz istədiyini deyib. Hakim isə bunun yekun iclasdan sonra mümkün olacağını bildirib.

Vəkili Bəhruz Bayramov P. Həşimlinin evində axtarış aparan MTN əməkdaşlarının evin təhlükəsizlik kameralarını və onların yaddaş kartlarını götürdüklərini deyib. Vəkil kartların qaytarılması və oradakı görüntülərə baxılması barədə vəsatət verib.

Hakim isə bu məsələnin hazırda müzakirəyə çıxarılmayacağını deyib.

Daha sonra prosesdə məhkəmə istintaqının başlanması barədə qərar qəbul olunub.

Dövlət ittihamçısı ittiham aktını elan edib.

P. Həşimli ittiham üzrə özünü təqsirli bilmədiyini, Təvəkkül Qurbanov isə təqsirli bildiyini deyib.

P. Həşimli ifadəsində heç bir cinayət törətmədiyini, günahsız olduğunu vurğulayıb: “Bu həbs əvvəlcədən gözlənilirdi. Həbsimdən qabaq izlənmişəm. Barəmdə bəzi “reket” qəzetlərdə yazılar yazırdılar. Amma qardaşımın toyuna 3 gün qalmış həbs olunacağımı gözləmirdim. Həbsimdən qabaq ABŞ səfirliyinə məktub yazdım ki, məni həbs etmək istəyirlər, amma nədə ittiham olunacağımı bilmirəm”.

Həbs edildiyi gün barədə danışan P. Həşimli Təvəkkül Qurbanovun ona dəfələrlə zəng etdiyini deyib: “Hər dəfə zəng edəndə deyirdi ki, İqtisad Universitetində oxuyan oğlunun problemləri var, bununla bağlı görüşmək istəyir. Mən isə görüşə getmirdim. Sonuncu dəfə getdim və dərhal həbs edildim”.

O, həbsdə olduğu müddətdə hüquqlarının pozulduğunu, bir sıra xəstəliklər tapdığını deyib.

Daha sonra P. Həşimli dövlət ittihamçısının suallarını cavablandırıb.

Proses davam etdirilir.

Qeyd edək ki, P. Həşimli ötən il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur.

Onun barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR