Salyanda Təhsil Nazirliyinin təşkilatçılığı ilə dəyirmi masa keçirilib

Salyanda Təhsil Nazirliyinin təşkilatçılığı ilə dəyirmi masa keçirilib
# 12 mart 2014 13:02 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Salyan şəhərindəki Heydər Əliyev Mərkəzində Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulan istiqamət və hədəflərin müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov, İnsan resursları şöbəsinin müdiri Fərzəli Qədirov, İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov, Şirvan şəhəri, Salyan, Neftçala, Saatlı, Sabirabad və Hacıqabul rayonları təhsil şöbələrinin müdirləri, məktəb direktorları, müəllimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Dəyirmi masada Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası çərçivəsində təhsilin inkişafı prioritetləri və keyfiyyətin təmin edilməsi haqqında fikirlər bildirilib. A.Əhmədov deyib ki, bu cür tədbirlərin regionlarda keçirilməsi böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, bununla da həm məktəb direktorlarının, həm də müəllimlərin təhsillə bağlı irad və təklifləri diqqətə çatdırılır: “Hər bir regionda olduğu kimi, bizdə də orta məktəblərdə problemlər var. Bu, əsasən istilik problemi, məktəbə hazırlıq və s, problemlərdir. İnanıram ki, bunlar zaman keçdikcə öz növbəsində həllini tapacaq”.


F.Qədirov da dövlət strategiyasında nəzərdə tutulmuş müddəaların uğurla həyata keçirilməsi üçün ictimai dəstəyin əhəmiyyətini qeyd edib və pedaqoji sahədə çalışanların müvafiq islahatlara hazır olmasının zəruriliyi vurğulayıb.


Müzakirələr zamanı geniş fikir mübadiləsi aparılıb, müəllimləri və ictimaiyyət nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.


Səfər çərçivəsində media nümayəndələri Salyan şəhərində ən yaxşı müəllimlərin “Açıq dərs”lərini müşahidə ediblər, Neftçala rayonunda yaşayan əməkdar müəllim, 65 illik pedaqoji təcrübəyə malik İmamverdi Əbilovla görüş keçirilib, onun ölkə təhsilinin gələcəyi ilə bağlı fikirləri öyrənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR