Azərbaycan baş nazirinin müavini: “Hər həmsədr 3-4 il çalışır, bölgəyə turist səfərləri edir, böyük maaşlar alır, sonra da gedir”

Azərbaycan baş nazirinin müavini: “Hər həmsədr 3-4 il çalışır, bölgəyə turist səfərləri edir, böyük maaşlar alır, sonra da gedir”
# 16 may 2014 08:22 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “ATƏT-in Minsk Qrupunun həmsədrləri 6 element açıqlayıb. Fransa prezidenti də səfər zamanı qarşılıqlı etimaddan danışdı. Məgər ermənilərlə aramsızda etimad olmayıb? İllərlə ən gözəl torpaqlarımızda yaşamayıb, bütün vəzifələrdə təmsil olunmayıblar? Qarşılıqlı etimad necə olur?”

APA-nın məlumatına görə, bunu Laçın rayonunun işğalının 22-ci ildönümü münasibətilə keçirilən tədbirdə baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

Ə. Həsənovun sözlərinə görə, hər dəfə bir məsələ ortaya atılır, 5 il onun ətrafında müzakirə gedir: “Ermənilərin milli azlıq kimi öz müqəddəratını təyin etmə məsələsini ortaya atırlar. Azərbaycanın daxilində öz müqəddəratlarını təyin etsinlər. Azərbaycan buna etiraz edir? Yox. Ancaq söhbət nədən gedir? Ermənilər Rusiyada da, İranda da Gürcüstanda da, ABŞ və Avropada da yaşayırlar. Ermənilər Laçını işğal etdilər, dedilər, dəhliz yaradırlar, Kəlbəcəri işğal etdilər, dedilər, bufer zona yaradırlar. Ermənilər Rusiyanın Stavropol və Krasnodar vilayətlərində kompakt yaşayırlar, deməli, oradan da Ermənistana dəhliz açmalı, koridor yaratmalıdırlar? ABŞ və Avropada ermənilərin kompakt yaşadığı yerlərdə də dəhliz açılmalıdır? Yaxud hansısa ölkədə milyonlarla azərbaycanlı yaşayır, biz də humanitar koridor istəyək? Biz İranda yaşayan azərbaycanlılarla bağlı nə vaxt koridor istəmişik? Bəs niyə dünyanın heç bir ölkəsi ermənilərə demir ki, düzgün yola gəlin? Sözümün canı odur ki, bu gün qondarma təkliflərin mahiyyəti münaqişənin həllinin uzadılmasıdır. Hər həmsədr 3-4 il çalışır, bölgəyə turist səfərləri edir, böyük maaşlar alır, sonra da gedir Azərbaycan prezidenti beynəlxalq iyrənc siyasəti görərək iqtisadiyyatımızı və ordlumuzu gücləndirir. Bu torpağı azad etsə, Azərbaycan prezidenti, ordumuz azad edəcək”.

Ə. Həsənov heç bir dövlətin bu kimi məsələlərdən sığortalanmadığını vurğulayıb: “Ona görə də xalqımızın həmrəyliyi vacibdir. Azərbaycan prezidenti xalqımıza arxalanaraq bu işi görür. Biz işğal altındakı rayonlara, Laçına mütləq qayıdacağıq”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR