ABŞ-ın Hyuston Universitetində Xocalı qətliamının 22-ci ildönümü yad edilib - FOTO

ABŞ-ın Hyuston Universitetində Xocalı qətliamının 22-ci ildönümü yad edilib - <span style="color: red;">FOTO
# 26 fevral 2014 06:53 (UTC +04:00)

Bakı - APA. ABŞ-ın Hyuston Universitetində Azərbaycan Mərkəzi, BAUER Biznes Kolleci və ARDNŞ-ın dəstəyi ilə “Geosiyasi dinamika və Qafqazda beynəlxalq enerji layihələri” adlı konfrans təşkil olunub.

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, konfransın əvvəlində senator Rodni Ellis adından Xocalı qətliamının 22-ci ildönümünün anılması haqqında Texas ştatı Senatının proklamasiyası təqdim olunub.

Həmin qətnamədə bir çox insan hüquqları təşkilatları tərəfindən bu vəhşiliklərin pislənildiyi, onun bir sıra ABŞ ştatı və digər ölkələr tərəfindən tanındığı qeyd edilir, həmçinin Texas nümayəndələr palatasının bu faciəyə həsr olunmuş əvvəlki qətnamələri xatırlanır.

ABŞ Nümayəndələr Palatasının üzvü Cin Vunun adından da Xocalı qətliamının ildönümünə həsr olunmuş sertifikat təqdim olunub.

Bundan sonra Hyustonda yerləşən Azərbaycan Mərkəzinin direktoru və Hyuston-Bakı qardaşlaşmış şəhərlər Assosiasiyasının prezidenti İradə Axundova konfrans iştirakçılarını və qonaqları salamlayaraq, Xocalı qətliamı barədə qısa məlumat verib və faciənin qurbanları bir dəqiqəlik sükutla yad edilib.

Konfrans zamanı Hyuston Universitetinin professorları Radha Radhakrishnan və Conatan Slapin, Yaxın Şərq İnstitutu analitik mərkəzinin eksperti Aleks Vatanka, Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Məmməd Talıbov, ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) həmtəsisçisi Yusif Babanlı, ARDNŞ-ın ABŞ nümayəndəliyinin direktoru Rauf Məmmədov, Dünya Bankı icraçı direktorunun məsləhətçisi Sənan Mirzəyev panelistlər qismində çıxış ediblər.

Panelistlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və gərçəklikləri, eləcə də bu münaqişənin regional sabitlik və təhlükəsizliyə təhdidi, ölkəmizin son illər bütün sahələrdə qazandığı uğurları və regional liderə çevrilmiş Azərbaycanın ABŞ-la strateji tərəfdaşlığı, Azərbaycanın Avropa İttifaqı üçün vacibliyi və regionda xüsusi rolu və digər mövzulara çıxışları zamanı toxunub, auditoriyanın suallarını cavablandırıblar.

Tədbirdə həmçinin Türkiyənin Hyuston şəhərindəki vitse-konsulu Abdullah Topçu və Yunanıstan konsulu Georgios Papanikolau, Texas ştatı qanunverici orqanının üzvləri və ofislərinin əməkdaşları, Hyuston Universitetinin professor və tələbələri, habelə ABŞ-dakı Azərbaycan icmasının nümayəndələri iştirak edibr.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR