Malayziya və Moldovada “Xocalıya Ədalət” kampaniyası çərçivəsində tədbirlər keçirilib - FOTO

Malayziya və Moldovada “Xocalıya Ədalət” kampaniyası çərçivəsində   tədbirlər keçirilib - <span style="color: red;">FOTO
# 27 fevral 2014 13:09 (UTC +04:00)

Bakı - APA. Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində 40-dan çox ölkədən olan sülh fəallarının iştirakı ilə keçirilən “Mahathir Qlobal Sülh Məktəbi” Beynəlxalq Forumunda Xocalı soyqırımı anılıb.

Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumundan APA-ya verilən xəbərə görə, beynəlxalq forumda Azərbaycanı təmsil edən azərbaycanlı tələbə, İndoneziya Beynəlxalq Tələbələr Assosiasiyasının vitse-prezidenti Elmar İskəndərov dünyada baş verən etnik münaqişələrlə müqayisədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında dünya ictimaiyyətində az məlumatın olduğunu vurğulayaraq, istər münaqişə, istərsə də Xocalı soyqırımını mövzu olaraq forumun panel sessiyalarına daxil etməyə nail olub.

Forum zamanı Dağlıq Qarabağ münaqişəsi və erməni hərbi birləşmələri tərəfindən Xocalı şəhərində azərbaycanlı mülki əhaliyə qarşı vəhşiliklər haqqında geniş məlumat verilib və iştirakçıların “Xocalıya Ədalət” kampaniyasına dəstək olmalarına çağırış edilib. Forumun iştirakçıları Xocalı soyqırımını törədən işğalçı Ermənistan dövlətini tənqid edərək işğala son qoyulmasını tələb ediblər.

Qeyd edək ki, beynəlxalq forum ənənəvi olaraq sülh və münaqişələrin həll edilməsi üzrə xarici və yerli ekspertlər, sülh üzrə Nobel mükafatçıları, Malayziya və İndoneziyanın dövlət rəsmiləri, xarici ölkələrdən olan 40 sülh fəalının, o cümlədən malayziyalı və indoneziyalı tələbələrin iştirakı ilə keçirilir. Forum 17 fevral-1 mart tarixində Malayziyanın Perdana Qlobal Sülh Fondu və İndoneziyanın Coqcakarta Muhammadiyah Universitetinin təşkilatçılığı ilə Malayziyanın Xarici İşlər Nazirliyinin nəzdində Diplomatiya və Xarici Əlaqələr İnstitutunda keçirilir. Beynəlxalq forumun missiyası dövlətlərarası münasibətlər və diplomatiya, münaqişələrin həll olunması və qlobal sülhə nail olmaqdır.

Moldovanın paytaxtı Kişinau şəhərinin mərkəzi Ştefan çel Mare parkında Moldova Azərbaycanlıları Konqresinin gənclər təşkilatı tərəfindən Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş “Xocalıya Ədalət” aksiyası keçirilib.

Xocalı soyqırımını Moldova ictimaiyyətinə çatdırmaq məqsədilə təşkil olunmuş aksiyada soyqırımı əks etdirən foto stendlər, kitablar, məlumat vərəqləri və Moldovanın “Ekspert” qəzetində çap edilən Xocalı soyqırımına həsr edilən məqalə təqdim edilib, matəm musiqisi səsləndirilib. Tədbirdə diaspora rəhbərliyi, azərbaycanlı və yerli tələbə gənclər, gənclər təşkilatları o cümlədən, KİV nümayəndələri iştirak ediblər.

“Xocalıya ədalət” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasının yaradılması təşəbbüsü 2008-ci il mayın 8-də, Şuşanın işğalının ildönümü günü Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən irəli sürülüb. Faciənin mənəvi, siyasi və hüquqi müstəvidə tanınmasına yönələn bu kampaniya hazırda dünyanın 40-dan çox ölkəsində uğurla həyata keçirilir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR