«Nar Mobile» Mobil Dünya Konqresində iştirak edir

«Nar Mobile» Mobil Dünya Konqresində iştirak edir
# 27 fevral 2014 13:47 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. «Azerfon» şirkətinin («Nar Mobile» ticarət nişanı) nümayəndə heyəti dünyanın aparıcı İKT şirkətləri, telekommunikasiya nəhəngləri və mobil operatorların qatıldığı Mobil Dünya Konqresində (Mobile World Congress) iştirak edir. Şirkətin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, Barselona (İspaniya) şəhərində işə başlayan bu ənənəvi tədbirdə yeni bazar trendləri, texnologiya nailiyyətləri, çağdaş ideya və təşəbbüslər, mobil rabitənin gələcək perspektivləri kimi önəmli məsələlər ətrafında geniş fikir mübadiləsi aparılır, interaktiv sessiyalar keçirilir, panellər və diskussiyalar təşkil edilir.

Konqresə dünyanın İKT sahəsində fəaliyyət göstərən ən nəhəng şirkətlərin rəhbərləri və baş icraçı direktorları da qatılıblar. Onların arasında «Facebook» sosial şəbəkəsinin təsisçisi və rəhbəri Mark Tsukerberq, IBM-in prezidenti Virciniya Rometti, «WhatsApp» şirkətinin baş icraçı direktoru Cen Koum (Jan Koum) və başqa natiqlərin etdikləri çıxışlar xüsusi diqqətə səbəb olub.

Tədbirdə aktiv iştirak edən «Nar Mobile» nümayəndələri digər konqres iştirakçıları ilə birlikdə geniş diskussiyalara qatılır, təcrübə mübadiləsi aparır, telekommunikasiya sahəsində tətbiq edilən yeniliklər və innovativ dəyişikliklər haqqında fikirlərini bölüşürlər.

«Nar Mobile» təmsilçiləri Mobil Dünya Konqresi çərçivəsində təşkil edilən mobil texnologiyalar sərgisində də iştirak edirlər.

Qeyd edək ki, dünyanın müxtəlif ölkələrindən olan 1 500-dən artıq qonağın qatıldığı dördgünlük mötəbər tədbirdə 40-dan artıq sessiyanın keçirilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR