Quzey Kıbrısın Azərbaycandakı nümayəndəliyinin rəhbəri: “Kipr probleminin həll olunmaması yunanların lehinədir”

Quzey Kıbrısın Azərbaycandakı nümayəndəliyinin rəhbəri: “Kipr probleminin həll olunmaması yunanların lehinədir”
# 14 fevral 2014 11:23 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. “Kipr probleminin həll olunması türklərin böyük bir istəyidir. Bu məsələnin həll olunmaması yunanların lehinədir, çünki onlar Kipri dünyada təkbaşına təmsil etmək istəyirlər və müzakirələri uzatmağa çalışırlar. Biz görüşlərdə məsələnin 6 ay ərzində çözülməsinin vacibliyini diqqətə çatdıracağıq. Onların bu təklifi qəbul edib-etməyəcəyini bilmirik, amma bunu qəbul etməsələr, yunanların nə dərəcədə səmimi olduğu ortaya çıxacaq”. Bu sözləri APA-ya açıqlamasında Quzey Kıbrıs (Şimali Kipr) Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sadəddin Topukçu deyib.

Adanın türk və yunan icmalarının rəhbərləri arasında keçirilən müzakirələri şərh edən S. Topukçu bildirib ki, bu cür təmaslar çoxdandır davam edir: “Bilirsiniz ki, 2004-cü ildə hər iki icmanın vahid dövlətdə birləşməsi üçün “Kofi Annan planı” ortaya qoyulub və Kiprdə referendum keçirilib. Türklər plana “hə” desələr də, yunanlar buna qarşı çıxış ediblər, nəticədə birləşmək üçün əla fürsət əldən verilib. Bu dəfə də buna bənzər müzakirələr keçirilir. Gözlənilir ki, bu müzakirələr yenidən referendumla sona çatacaq. Referenduma hansı maddələr və təkliflərin təqdim olunacağı barədə danışmaq isə hələlik tezdir”.

S. Topukçu qeyd edib ki, problem həllini tapsa, bu, təkcə Kipr üçün deyil, bütün region üçün faydalı olacaq: “Bu durumda bölgəyə sərmayələr yatırılacaq, turizm inkişaf edəcək”.

Diplomat onu da əlavə edib ki, bütün dünya kimi, Azərbaycan da Kipr probleminin həllini dəstəkləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR