Berti Foqts: “Qrupda 3-cü yer xəyala bərabər olardı”

Berti Foqts: “Qrupda 3-cü yer xəyala bərabər olardı”
# 24 fevral 2014 11:50 (UTC +04:00)

Bakı – APA. “Təəssüf ki, Avropa çempionatının seçmə mərhələsinin püşkatması bizim üçün o qədər də uğurlu olmadı. Qrupdakı bütün rəqiblər güclüdür”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Berti Foqts deyib.

AVRO-2016-nın seçmə mərhələsinin püşkatmasından sonra UEFA-nın rəsmi saytına danışan almaniyalı mütəxəssis yığmamızı yer aldığı H qrupunu dəyərləndirib: “İtaliya ilə oynayacağımıza sevinirəm. Elə Xorvatiyanı da nəhəng komandalardan saymaq olar. Hər ikisi dünya çempionatının final mərhələsinə yüksəlib. Bir sözlə, bu yığmalarla oyunlarda Azərbaycanda bayram olacaq. Lakin deməliyəm ki, biz də komanda kimi daha güclü olmuşuq. Ötən seçmə mərhələdə cəmi 3 qarşılaşmada – Portuqaliya ilə hər iki oyunda və Rusiya ilə səfər matçında uduzmuşuq. Əminəm ki, favoritlər üçün bizimlə matçlar asan olmayacaq”.

İtaliya, Xorvatiya, Bolqarıstan, Norveç və Malta ilə eyni qrupda mübarizə aparan millimizin çalışdırıcısı komandamızın da şansının olduğunu düşünür: “Qrupda 3-cü yer xəyala bərabər olardı. Lakin futbolda hər şey mümkündür. Proqnoz verməyi xoşlamıram. Bu üzdən neçə xal toplaya biləcəyimizi deməyəcəm. Əsas olan odur ki, oyundan oyuna daha yaxşı çıxış edək, istənilən rəqiblə mübarizə aparaq, 100 faiz gücümüzü qoyaq. Əlbəttə, daha çox ev oyunlarına ümidliyik. Azərbaycan yığması Almaniya, İngiltərə və ya İsveçrə kimi sürətli oynamır. Deməli, biz rəqibləri başqa oyun komponentləri ilə təəccübləndirməli olacağıq. Əgər öyrəndiklərimizi göstərə bilsək və konsentrasiyamızı meydanda itirməsək, bizim şansımız var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR