Qazax və Gəncədə sahibkarlar üçün treninqlər keçirilib

Qazax və Gəncədə sahibkarlar üçün treninqlər keçirilib
# 13 fevral 2014 14:45 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Qazax rayonunda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün «Qazax rayonunda üzümçülüyün inkişaf perspektivləri», «Ekoloji təmiz kənd təsərrüfatının inkişafı» və «İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər» mövzularında treninq keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Azərbaycanda üzümçülüyün inkişafına dair Dövlət Proqramı (2012-2020-ci illər), kənd təsərrüfatında ixtisaslaşmanın xüsusiyyətləri, ekoloji təmiz üzüm istehsalı və s. barədə ətraflı məlumat verilib, «Ekoloji təmiz kənd təsərrüfatının inkişafı» mövzusunda təqdimat keçirilib.

Həmin gün BBTM-in Gəncə nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycan Əlil Qadınlar Cəmiyyətinin Gəncə şəhər şöbəsində əlil qadınlar üçün «Biznes ideyanı yarat», «Öz biznesinə başla» və «İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər» mövzularında treninq keçirilib.

Tədbirdə biznes-ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, SWOT təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması, innovativ texnologiyaların tətbiqi, insan resurslarının peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və s. barədə geniş məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Qazax və Gəncədə keçirilmiş treninqlər zamanı sahibkarlara İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, o cümlədən «İnvestisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi» və s. barədə məlumat verilib.

Tədbirlər çərçivəsində iştirakçılara BBTM tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR