Bank Of Baku

AFFA legioner limitini ləğv edib

AFFA legioner limitini ləğv edib
# 05 iyul 2008 11:23 (UTC +04:00)
Bakı. Mehman Süleymanov - APA-SPORT. Bu gün AFFA-nın mənzil-qərargahında İcraiyyə Komitəsinin (İK) iclası keçirilib. “APA-SPORT” agentliyinin məlumatına görə, assosiasiya başçısı Rövnəq Abdullayevin sədrlik etdiyi toplantıya İK üzvlərindən Rauf Əliyev, Elşad Nəsirov, Elmar Qasımov, Hafiz Məmmədov, Mirkamil Rəhimov, Mahir Məmmədov və İsgəndər Cavadov qatılsa da, Cahangir Hacıyev, Ələkbər Məmmədov və Kazbek Tuayev iclasa gəlməyiblər. Baş katib Elxan Məmmədov, Azərbaycan Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və aşağı yaş qruplarından ibarət Azərbaycan milli komandalarının almaniyalı baş məşqçisi Bernard Lippert tədbirdə qonaq qismində iştirak ediblər. Toplantını giriş sözü ilə açan R.Abdullayev gündəlikdə duran məsələlər haqda məlumat verib. Üç saata yaxın davam edən müzakirələrdən sonra legionerlərə qoyulan limitin ləğv olunması ilə bağlı qərar çıxarılıb. Bu qərar eksperiment xarakterli olacaq. Yəni limitin ləğvi qarşıdakı mövsümdə (2008/09) müsbət effekt verməzsə, sonrakı mövsüm öncəsi bu məsələyə yenidən baxıla bilər. Legionerlərə görə ödənilməli olan rüsumların məbləği 8000-dən 20000 manata qaldırılıb. Həmçinin, qarşıdakı mövsümdən Premyer Liqa klublarının əvəzedici komandaların keçirilməsi ilə bağlı qərar çıxarılıb. Belə komandaları olmayan klublar Premyer Liqaya buraxılmayacaq. Əvəzedicilərin oyunlarının əsas komandaların görüşlərindən bir gün sonra keçirilməsi nəzərdə tutulub. Əvəzedici heyətin çıxışı əsas komandaya da öz təsirini göstərəcək. Məsələn, əvəzedicilər oyuna çıxmazsa, bir gün əvvəl görüşü keçirəcəyi əsas komandaya istənilən halda texniki məğlubiyyət veriləcək. Əvəzedici komandaların heyətində 21 yaşınadək 5 futbolçunun oynaması vacib şərtdir.
Toplantıda baş katib Elxan Məmmədovla müqavilənin bir illik uzadılması da öz təsdiqini tapıb. Almaniyalı mütəxəssis Oliver Pilzerin 15 yaşlılardan ibarət yığmamızın baş məşqçi postuna təyinatı, bundan əlavə Ekspert və Apelyasiya Komitələrinin birləşməsi ilə bağlı qərar çıxarılıb.
Qeyd edək ki, legionerlərə qoyulan limit müxtəlif vaxtlarda 5, “5+2”, “3+2”, ötən mövsümün ikinci dövrəsində isə “7+7” olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR