Lissabonda xalq rəssamı Tahir Salahovun əsərlərindən ibarət Azərbaycan ekspozisiyası təşkil olunacaq

Lissabonda xalq rəssamı Tahir Salahovun əsərlərindən ibarət Azərbaycan ekspozisiyası təşkil olunacaq
# 07 oktyabr 2015 08:57 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Lissabonda xalq rəssamı Tahir Salahovun əsərlərindən ibarət Azərbaycan ekspozisiyası təşkil olunacaq.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, 2007-ci ildən “Moskva Mədəniyyətin Dəstəklənməsi və müasir incəsənətin inkişafı Fondu”nun təşkilatçılığı ilə ənənəvi olaraq hər il keçirilən festival oktyabrın 8-dən 17-dək davam edəcək.

Festivalda dünyanın 40-dan artıq ölkəsindən və Rusiya Federasiyasının 30 bölgəsindən çoxsaylı rəssamlar iştirak edirlər. Festival 2014-cü ilədək Moskvada, 2014-cü ildə isə Portuqaliyanın Lissabon şəhərində keçirilib. Hər il festivalı 200 minədək tamaşaçı ziyarət edir.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 2009-cu ildə əməkdar rəssam Fərman Qulamov, 2011-ci ildə əməkdar rəssam Sakit Məmmədov, 2012-ci ildə Rəşad Mehdiyevlə gənc rəssam Məryəm Ələkbərli, 2013-cü ildə Namiq Məmmədov, 2014-cü ildə isə xalq rəssamı Tahir Salahov və Sakit Məmmədovun rəhbərliyi ilə bir qrup rəssam Azərbaycanı festivalda təmsil edib.

Tamaşaçıların və münsiflər heyətinin səsverməsi yolu ilə keçirilən müsabiqənin nəticələrinə əsasən ölkəmizi təmsil edən rəssamlar müxtəlif nominasiyalar üzə birinci mükafata layiq görülüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR