Tiflisdə Tbilisoba bayramı keçirilir - FOTOSESSİYA

Tiflisdə Tbilisoba bayramı keçirilir - <span style="color: red;">FOTOSESSİYA
# 17 oktyabr 2015 19:26 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Oktyabrın 17-də Gürcüstan paytaxtında Tbilisoba (Tiflis günü) bayramı başlayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, əsası 1979-cu ilin oktyabr ayında qoyulan Tbilisoba bayramı zəngin proqramla iki gün gecə saat 24.00-dək davam edəcək. Tədbirə Tiflis şəhərinin sakinləri, turistlər, gənclər və iş adamları da qatılıb. Bu gün səhər saatlarından başlayaraq Gürcüstan Mədəniyyət Nazirliyi və Tiflis şəhər meriyasının təşəbbüsü və təşkilatçılığı ilə Gürcüstan paytaxtının mərkəzində, Rike parkında və Meydan məhəlləsində və şəhərin digər yerlərində müxtəlif çeşidli yarmarkalar, kənd təsərrüfatı mallarının satışı təşkil edilib, folklor, kukla teatrı, etno-caz və milli musiqi ansambllarının nümayiş etdirdikləri konsertlər, uşaqlar və gənclər üçün müxtəlif tədbirlər başlayıb.

Bayramın keçirilməsinə şəhər büdcəsindən 997 min lari vəsait ayrılıb.

Bayram çərçivəsində ilk dəfə olaraq kulinariya və çay festivalları təşkil edilib. Tədbirdə müxtəlif şirkətlər çadırlarda öz mallarını nümayiş etdiriblər. Parka gələn qonaqlar və turistlər Gürcüstan və digər ölkələrin milli yeməklərindən dadıblar. Parkın mərkəzində "Şərab şəhərciyi" təşkil edilib.

Tədbirdə Tiflisdə fəaliyyət göstərən azərbaycanlıların üzv olduğu "Ceyran" folklor rəqs ansamblının gənc rəqs kollektivinin rəqqasları tərəfindən gürcü və Azərbaycan rəqsləri nümayiş etdirilib, həmçinin Azərbaycan xalq mahnıları və "Arşın mal alan" operettasından ariyalar səsləndirilib. Tbilisobada aşıq Nargilə Mehdiyeva və gənc tar ifaçıları da bayram tədbirinə qoşulub. Tədbirdə Gürcüstan Azərbaycanlı Qadınlar Birliyinin təşkilatçılığı ilə fətir, müxtəlif şirniyyatlar, Azərbaycan xalçası, kilim, kalağayı, səhəng, samovar və müxtəlif folklor nümunələrimizin nümayişi təşkil edilib, bayram iştirakçılarına armudu stəkanda Azərbaycan çayı təqdim edilib.

Bu gün Gürcüstanda həmçinin Veteranlar Günü də qeyd edilib. Bu əlamətdar gün münasibətilə Tbilisoba bayramında veteranlardan ibarət "Sülh" ansamblının konserti baş tutub və "Veteran guşəsi" yaradılıb.

Bu il baş tutan Tbilisoba bayramı ətraf mühitin mühafizəsinə və ekoloji təmizliyə həsr olunub və bayram çərçivəsində ekoloji tədbirlər və paytaxtın yaşıllaşdırılması nəzərdə tutulub. Tədbirin ikinci günü Müctəhid parkında "Payız və ətraf mühit" yürüşü təşkil olunacaq və iştirakçılar axşam Qorqasali meydanındakı tədbirlərə qatılacaqlar.

Tbilisoba bayramı oktyabrın 18-də müxtəlif əyləncəli tədbirlər və qala konsertlə başa çatacaq.

Xatırladaq ki, Tbilisoba bayramında Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlu "Tiflis şəhərinin Fəxri Vətəndaşı" adına layiq görülüb və ona şəhər meri tərəfindən Tiflisin rəmzi açarı təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR