Bakı Şəhər Baş Polis İdarəsində ötən ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib

Bakı Şəhər Baş Polis İdarəsində ötən ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib
# 22 yanvar 2016 15:14 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bu gün daxili işlər naziri, general-polkovnik Ramil Usubovun iştirakı ilə Bakı Şəhər Baş Polis İdarəsində 2015-ci ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müşavirədə çıxış edən nazir qeyd edib ki, həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində əvvəlki illərdə olduğu kimi, keçən il respublikamızın paytaxtında sabitlik, əmin-amanlıq, insan və vətəndaş hüquq və azadlıqları etibarlı şəkildə qorunub.

Daha sonra Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov hesabat dövründə cinayətkarlıqla mübarizə, ictimai qaydanın və təhlükəsizliyin təmini, xidməti fəaliyyətin digər sahələrində həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış edib.

M. Seyidov deyib ki, hesabat dövründə Bakı şəhəri, eləcə də onun ayrı-ayrı rayonları üzrə əməliyyat şəraiti kompleks təhlil edilib, cinayətkarlığın dinamikasında əsas təmayüllərin, neqativ proseslərin və dəyişikliklərin öyrənilməsi əsasında qarşılıqlı əlaqələrin təkmilləşməsinə, əməliyyat-xidməti fəaliyyətin səmərəsinin artırılmasına dair təkliflər hazırlanıb icraya yönəldilib.

Bütövlükdə inzibati xətaların profilaktikası, onları törətmiş şəxslərin məsuliyyətə cəlb olunması sahəsində fəaliyyət gücləndirilib. Polis sahə rəisləri və inspektorları tərəfindən 55835 protokol tərtib olunub, 627 münaqişəli ailə profilaktiki uçota götürülüb.

Mülkiyyət əleyhinə olan cinayətlərin, o cümlədən mənzillərdən edilən oğurluqların qarşısının alınmasında mühüm rol oynayan mühafizə-siqnalizasiya vasitələrinin tətbiqi üzrə təbliğat işinə də diqqətlə yanaşılaraq 475 müraciətin icrası təmin olunub.

Qeydiyyat və şəxsiyyət vəsiqəsi xidməti tərəfindən ümumilikdə 62625 nəfərə şəxsiyyət vəsiqəsi verilib.

Məruzəçi deyib ki, hesabat ilində vətəndaşların ərizə və şikayətlərinə baxılması, onların qəbulu işi ciddi nəzarətdə saxlanılıb. Baş Polis İdarəsinə 17926 ərizə və müraciət daxil olub, 2238 vətəndaş qəbul edilib. Müraciətlərin 1744-ü Nazirliyin və Baş İdarənin rəhbərliyi tərəfindən nəzarətə götürülüb.

Paytaxtda ictimai asayişin mühafizəsi də ciddi nəzarətdə saxlanılıb. Beynəlxalq və respublika əhəmiyyətli çoxsaylı kütləvi tədbirlərdə, xüsusən ilk Avropa Oyunları dövründə və Milli Məclisə seçkilərlə bağlı asayişin mühafizəsi üzrə bütün zəruri tədbirlər görülüb.

Baş İdarənin rəisi, eyni zamanda, buraxılmış nöqsanlar, xüsusən, əvvəllər məhkum olunmuşlar tərəfindən törədilən cinayətlərin qarşısının alınması, ilkin istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirlərinin lazımi səviyyədə təşkil edilməməsi və digər problemlərə də toxunub, bu istiqamətdə qarşıda duran vəzifələr haqqında geniş məlumat verib.

Məruzə ətrafında çıxış edənlər əldə olunmuş müsbət nəticələrdən, həmçinin, yol verilmiş nöqsan və çatışmazlıqlardan, onların aradan qaldırılması üçün görəcəkləri tədbirlərdən danışıblar.

Müşavirəyə yekun vuran R. Usubov 2015-ci ildə paytaxtın polis orqanlarının cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsindəki fəaliyyətini ümumən müsbət qiymətləndirib, konkret tapşırıq və tövsiyyələrini verib.

Nazir Baş İdarənin və onun struktur qurumlarının rəislərindən profilaktik işin xüsusilə güсləndirilməsini, сinayətlərin qarşısının alınmasında, bağlı qalmış сinayətlərin açılmasında aşağı göstəriсiləri olan ərazi polis orqanlarına əməli köməklik göstərməsini, həmçinin, fəaliyyətin təkmilləşdirilməsini, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi məqsədilə analitik işin səviyyəsinin yüksəldilməsini, bu əsasda idarəçilik və təşkilatçılıq fəaliyyətinin günün tələbləri səviyyəsində qurulmasını, icra və xidməti intizamın daha da möhkəmləndirilməsini tələb edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR