Jurnalistlərin sənə yenidən zəng edərək nə demək istədiyini soruşmalarına şərait yaratma - RƏY

Jurnalistlərin sənə yenidən zəng edərək nə demək istədiyini soruşmalarına şərait yaratma - <span style="color: red;">RƏY
# 13 aprel 2016 09:31 (UTC +04:00)

Səmayə Məmmədova, Gənclər və İdman Nazirliyinin mətbuat katibi

I

Press reliz və ya jurnalist üçün rahat işləmək imkanının yaradılması

Jurnalistlərlə mütəmadi olaraq ünsiyyətdə olan mətbuat katibləri çox yaxşı bilir ki, tədbirlər öncəsi jurnalistlərin ilk olaraq onlara yanaşıb, verdikləri sual press relizin olub olmaması ilə bağlı olur. Əgər press reliz varsa, demək jurnalistin tədbir haqda məlumatı, yazılacaq materialı da var deməkdir.

Kənardan müşahidə onu göstərir ki, jurnalist tərəfindən press relizin verilib, verilməyəciyi sualı arxasında bir neçə mühüm nüans dayanır. Məsələn, jurnalistin tədbirdə sona qədər otura bilməməsi (burada müxtəlif səbəblər ola bilər) və əldə olunan press reliz sayəsində çalışdığı agentlik üçün kiçik bir materialı hazırlayaraq sayta yerləşdirməsi. Və ya əksinə, press relizdəki infodan istifadə edərək, alınmış müsahibələr nəticəsində geniş bir materialı işləyərək çapa göndərməsi. Əslində press relizin tədbir öncəsi və tədbirdən sonra hazırlanaraq media nümayəndələrinə təqdim edilməsi mətbuat katibinin əsas öhdəlikləridən biridir. Çünki məlumatın dolğun və geniş şəkildə işlənib hazırlanması mətbuat katibinin işinə olan məsuliyyətindən xəbər vermiş olur.

Lakin məni bu yazını yazmağa bir müddət bundan öncə jurnalistlərdən birinin verdiyi suallar həvəsləndirdi: press reliz bütün informasiyanı özündə əks etdirməlidirmi? və tədbirlərdə mətbuat nümayəndələrinə press relizin verilməsi nə qədər önəm daşıyır?

Elə isə, təcrübəm sayəsində qazandıqlarımı, oxuyub, öyrəndiklərimi bölüşmək istədim.

II

Diqqəti cəlb etmə bacarığı

“6 yardımçı dostum var. Nə öyrənmişəmsə onların sayəsində baş verib ”

(Onların adı: Nə?, Niyə? , Nə vaxt?,Necə?, Harada? Və Kim? )

Redyard Kiplinq

Press relizin yuxarıda qeyd olunan 6 sualın hər birinə cavab verməsi böyük önəm daşıyır, lakin buna baxmayaraq, bəzi hallarda press reliz jurnalistin diqqətindən qaça bilər. Unutmaq lazım deyil ki, jurnalist gün ərzində onlarla mətbuat katibindən müxtəlif səpkili məlumatlar alır. Bununla yanaşı, mətbuat katiblərinə bir çox jurnalistlərin daim məşğul olduğu, gün ərzində bir neçə tədbirə getdiyi və hətta bəzi zamanlarda keçirilən tədbir haqda bir o qədər məlumatlı olmadığı bəllidi.

Demək ki, burada əsas məqsəd tək məlumatın hazırlanması deyil, eyni zamanda diqqətin cəlb olunmasıdır. Odur ki, media və PR mütəxəssisləri press reliz yazılmadan öncə bir nüçə mühüm sualın diqqətdə saxlanılmasını xüsusi vurğulayırlar:

  • Press relizdə media nümayəndələrinə yeni nə təqdim edə bilərəm?
  • Jurnalistlər üçün bu press relizin nə qədər önəmi var?
  • Mənim sahəmdən kənar olan oxucular üçün bu press relizdə yazılanlar nə qədər maraqlıdır?
  • Press relizimdə mən fərqli və gözlənilməz nəyi təqdim edə bilərəm?
  • Jurnalistlər bu informasiyanı genişləndirib, daha böyük məqalə yaza bilərlərmi?

(Gill Branston və Roy Staffor “Media tələbələrinin kitabı”)

III

Press relizin kritik anlarda önəmi

2004-cü ildən 2007-ci ilə qədər Azərbaycan Respublikası Səhiyyə Nazirliyində mətbuat katibi vəzifəsində işləmişəm. Mətbuat katibi olaraq ora çalışdığım ilk dövlət orqanı idi. İşə təzə təyin olunmağımla ölkədə “H1N1 quş qripi” virusu xəstəliyi yayılmağa başladı. Baş verən bu prosseslər zamanı media ilə əməkdaşlıq mənim üçün ilk və böyük sınaq, eyni zamanda, əvəzsiz təcrübə idi. Çünki Azərbaycan mütəxəssisləri ilə yanaşı, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) media və PR mütəxəssisləri ilə əməkdaşlıq etmək, artıq yeniliklərin əldə olunması demək idi. ÜST mütəxəssislərinin ölkəyə ayaq basmaları ilə ilk gördükləri iş press relizin və jurnalistlər tərəfindən öncədən verilə bilcək sualların (Frequently Asked Questions- FAQ) hazırlanması oldu.

Məhz press reliz ictimaiyyətdə yaranmaqda və qısa müddətdə panikaya çevrilmə ehtimalı olan narahatçılığa son qoya bilərdi və qoydu da. Mütəmadi olaraq, vaxtı-vaxtında ictimaiyyəti narahat edən suallar press reliz vasitəsi ilə jurnalistlərə ötürülürdü. Məhz açıqlamalar, bəyanatlar və ən ümdəsi press relizlər media nümayəndələrinin gözlədiyi informasiya mənbəyi idi. Press relizin dolğun və aydın şəkildə, əsas sualları əhatə etməklə özündə cəmləşdirdiyi faktlar mətbuatda, bununla da ictimaiyyətdə mətbuat katibinə, dövlət qurumuna inamı və güvəni artırmış oldu. Əslində o dönəmdə nə qədər press reliz yayıldığı yadımda deyil, amma jurnalistlərin mətbuat katibinin verdiyi press relizdə yazılan heç bir fikirdən kənara çıxmayaraq, xəbərləri ictimaiyyətə operativ ötürməsi və bununla da panikanın qarşısının alınması yadımdadır.

Lakin bütün bunlarla yanaşı, bir çox hallarda hər hansı tədbir və ya layihə üçün nəzərdə tutulan press relizlər də var ki, onarın hazırlanması yuxarıda haqqında danışılan vəziyyətlə müqayisədə bir qədər fərqli olur. Burada tədbir öncəsi, informasiya xarakterli, bəzi hallarda isə əsas çıxışçıların deyəcəklərindən bir neçə cümlə əlavə olunmaqla hazırlanan press reliz və eyni zamanda tədbir sonrası daha geniş infonu özündə əks etdirən press reliz ola bilər. Əslində hər iki halda mətbuat katibi öz işini yüngülləşdirir. Belə ki, bəzi hallarda yalnış infonun yayılmamasından sığortalanır , məlumatın onun görmək istədiyi şəkildə mətbuata, bununla da ictimaiyyətə ötürülməsinə imkan yaradır.

İngiltərənən məşhur CİPR (Chartered İnstitute of Public Relations) (Sertifikatlaşdırılmış İctimaiyyətlə Əlaqələr İnstitutu) bildirir ki, press relizin hazırlanmasında önəmli faktorlardan biri məhz başlıqdır. “Ölümcül başlıqlar yaz, çünki məhz gün ərzində onlarla informasiya alan jurnalisti sənin yazıya qoyduğun başlıq açıb oxumağa maraqlandıra bilər.”

Əsas mövzunu, bizim dillə desək, mövzunun ürəyini ön xəttə çıxartmaq çox vacibdir. Cəlbedici başlıqla sən jurnalistdə yazını açmağa maraq oyada bilərsən. Amma əgər ilk cümlən cəlbedici deyilsə, deməli başlığın üzərində də əziyyətin mənası yoxdur. PR və media mütəxəssisləri bildirir ki, 15-20 sözdən artıq olmamaqla ilk cümlə ümumi mövzuya ötəri baxış olmalı və sanki yeni mövuzunun açılışı kimi oxunmalıdır.

Media və PR mütəxəssi Anna Gregory press relizlə bağlı məqaləsində önəmli faktlardan birinə toxunub. Orada qeyd edilir ki, press relizin yalnız informasiya agentliyi və ya qəzetdə yerləşdirilməsindən əlavə, TV proqram və ya radioda da oxunma ehtimalı var. Aparıcının bu mövzuya toxunmaq ucun 5-6, maksimum 10 saniyəsi olduğunu nəzərə alsaq, o zaman artıq hər şey aydın olur.

Digər vacib bir məqam isə, konkret olmaqdır. Əslində mütəxəssislər press relizin 1 səhifədən artıq olmamasını, 300-400 sözlə kifayətlənməsinin önəmli olduğunu bildirirlər. 3-4 paraqrafdan ibarət olan press relizdə önəmli insanların cıxışlarından bir neçə sitatın da işlədilməsi yaxşı ola bilər. Təbii ki, press relizin müəllifi, daha doğru desək, lazım olarsa jurnalistin əlaqə yaratmalı olduğu şəxsin, yəni mətbuat katibinin də kontaktları orada qeyd olunsa, çox yaxşı olar.

Kiçik bir əlavə

İngiltərənin “Newcastle” universitetində media və PR sahələri üzrə maqistr dərəcəsi aldığım zaman, dərslərdən biri məhz press relizin yazılmasına həsr edilmişdi. Təbii ki, universitetə oxumağa gedənə qədər, Space Tv, Vergilər , Səhiyyə və Gənclər və idman nazirliyindəki iş təcrübəmi nəzərə alsaq, demək press relizin necə yazıldığı təbii ki, mənə bəlli idi. Lakin, dərs zamanı yeniliklərin əldə olunmasının müsbət tərəfləri də oldu desəm yanılmaram.

  • Press relizin hansı dildə yazılmasından asılı olmayaraq, onu rahat anlaşılan və oxunaqlı yaz
  • Spesifik ol. Hər sözün öz mənası və əhəmiyyəti var. Məsələn, rəngli yerinə konkret qırmızı, sarı yaz.
  • İnsanların daha rahat oxuya bilməsi üçün sadə sözlərdən istifadə etməyə çalış
  • Lakin fikri çaşdıra biləcək məqamda, daha ciddi mövzularda sadə sözlərdən qaçmağa, daha spesifik sözlər yazmağa çalış.
  • Press relzinə jurnalistin daha sonra yazını daha geniş formatda işləməsi üçün mövzuya aid linkilər əlavə et
  • Şəkillər, onların keyfiyyətli şəkildə jurnalistlərə ötürülməsi infonun daha geniş yayılmasına imkan yaradacaq
  • Jurnalistlər rəqəmləri sevir. Xüsusən nəzərə alsaq ki, press konfrans və ya tədbir zamanı onlar səsləndirilən rəqəmləri aydın eşitməyə bilərlər, o zaman buna xüsusi diqqət vermək lazımdır.

Təbii ki, press relizin necə yazılması haqda daha çox yazmaq olar. Lakin təcrübəm onu göstərir ki, bir çox hallarda press relizin yazılma forması keçirilən tədbirin nəinki mövzusu, hətta önəmi ilə dəyişir. Odur ki, mətbuat katibinə sadəcə məlumatı əldə edib, mediaya ötürmək qalır. Bunu isə kim necə və nə cür edir, onu vəziyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR